Bu gün Leonid meteor selinin piki başlayır Noy 17, 2023 | 14:11 / ASTRO TƏQVİMLƏR

Noyabrın 17-si gecə boyu  Leonid meteor selinin  piki baş verəcək.

Ay saat 20:35-də batacaq və onun işığı meteorları görməyə mane olmayacaq. Ayın olmadığı qaranlıq səmada saatda 10-15 meteor görə bilərsiniz. Meteorlar gecəyarısı, üfüqə yaxın hissədə, əsasən Şir bürcü ətrafında müşahidə olunmağa başlayacaqdır. Leonidləri 2 dekabra kimi müşahidə etmək mümkün olacaq. 

Yer atmosferinə paralel trayektoriya ilə daxil olan meteoridlər meteor sellərini yaradır. Onların səmada peyda olduğu nöqtə radiant adlanır və adətən meteor selləri  həmin radianta uyğun gələn bürclərin adı ilə adlandırılır.

Qeyd edək ki, 1966-cı il noyabrın 17-də səhər saatlarında 15 dəqiqə ərzində dəqiqədə minlərlə meteor düşmüşdür. Həmin gecə Leonid meteorları qısa müddət ərzində yağış kimi yağmışdı. Bu hadisə insanlarda Yerin kosmosda hərəkət edərkən meteor axınından  keçməsi barədə təəssürat yaratdı.  Leonidlərin bu cür intensiv yağışı 33-34 illik periodla təkrarlanır.

2023-cü ilin sonunadək 14-15 dekabrda Geminid meteor selinin, 22-23 dekabrda isə Ursid meteor selinin piki gözlənilir. Geminid meteor selinin pikində saatda 150,  Ursidlərdə isə 10-dan çox meteor düşür. Təəssüf ki, 21-22 dekabrda Ay bədrlənmiş Ay fazasına yaxın olduğundan  Ursidlərin müşahidəsinə mane olacaqdır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.