«XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir»

                                                                                                                                                                 Heydər Əliyev

 

Azərbaycan xalqının XIII əsrdə yaranmış və az bir müddət ərzində sönmüş astronomiya irsinin bərpası Respublika və akademiya rəhbərlərinin, eləcə də vətənini sevən astronomiya fədailərinin əsas məqsədlərindən birinə, fəaliyyətlərinin amalına çevrilmiş, nəticədə beynəlxalq aləmdə tanınan N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yaranmışdır. H.Əliyevin Rəsədxanaya olan diqqətini Azərbaycan astronomları həmişə fəxrlə xatırlayırlar. 1974-cü ilin sentyabr ayında H.Əliyev Respublikanın bir neçə məsul işçiləri ilə birlikdə iki gün müddətində Şamaxı Astrofizika Rəsədxanası ilə tanış olmuş, rəsədxananın kadr məsələsinin həllinə kömək üçün Bakı Dövlət Universitetində astronomiya kafedrasının açılması və rəsədxanada yaşayan alimlərin həyat şəraitinin lazımi səviyyədə olması üçün Yusif Məmmədəliyev qəsəbəsində 40 mənzilli binanın tikilməsi haqqında göstəriş vermişdir. Dövlət rəhbərinin Şamaxı Astrofizika Rəsədxanasına gəlişi rəsədxananın inkişafına böyük təkan vermiş, onun göstərişləri qısa müddətdə həyata keçirilmişdir.

Elə həmin illərdə də astrofizika ixtisası üzrə kadrların hazırlanması işinə böyük diqqət verilmişdir. Bu məqsədlə 1976-cı ildə Heydər Əliyevin xüsusi göstərişi ilə Azərbaycan Dövlət Universitetində Astrofizika kafedrası yaradılmışdır. Sonralar həmin kafedra ixtisaslı kadrların yetişdirilməsində mühüm rol oynamışdır.

1981-ci ildə Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı ilə Şamaxı Astrofizika Rəsədxanasına Azərbaycanın dahi astronomu Nəsirəddin Tusinin adı verilmişdir. Rəsədxananın nəzdində 1973-cü ildə ŞAR-ın Batabat Bölməsi və 1997-ci ildə Ağdərə Astronomiya Stansiyası yaradılmışdır.                     

   H.Aliyev     H.Aliyev 1     H.Aliyev 2

1970-81-ci illərdə bu elmi mərkəzinin elmi-texniki və intellektual səviyyəsi çox yüksək zirvəyə qalxmışdır. H.Əliyevin göstərişi ilə bir çox nazirliklər və dövlət komitələri qısa müddət ərzində Rəsədxanaya bütün zəruri köməkliyi göstərmişdilər. Onun diqqəti və qayğısı nəticəsiz qalmamış, həmin dövrdə rəsədxananın texniki və intellektual potensialı, həmçinin elmi nəticələri dünya standartları səviyyəsinə çatmışdır. Sözün əsl mənasında Şamaxı Astrofizika Rəsədxanası Azərbaycanın iftixarı olmuş, onun nüfuzu beynəlxalq aləmdə sürətlə artmış, 10-dan artıq Azərbaycan astronomu Beynəlxalq Astronomiya İttifaqının üzvü seçilmiş, 7 asteroidə Azərbaycanla bağlı adlar verilmiş, Mars planetinin kraterlərindən biri ŞAR əməkdaşı N.B.İbrahimovun şərəfinə “İbrahimov” krateri adlandırılmışdır, 1000-dən çox elmi nəticə dünya ədəbiyyatında öz əksini tapmışdır. Bütün bu göstəricilərin əldə edilməsində H.Əliyevin bir dövlət rəhbəri kimi işə münasibəti, elmə yüksək qiymət verməsi və tapşırıqlarının həyata keçməsinə xüsusi nəzarət etməsi səbəb olmuşdur. Dövlət rəhbərinin rəsədxanaya gəlib, iki gün bu elmi mərkəz ilə, alimlərin həyat şəraiti və iş üslubu ilə tanışlığı, onun əsl ziyalılığı, elmə, alimə yüksək qiymət verməsinin bariz nümunəsidir. O, həqiqətən də hər tərəfli dünyagörüşə malik olan bacarıqlı dövlət rəhbəri, nadir şəxsiyyət olmuşdur.