Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı artmışdır, maksimal sinifli alışma 3480 oblastındakı M1.8 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində II tip radioemissiya, 10 sm dalğa uzunluğunda radioalışmalar, həmçinin qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artmışdır, 5 ləkə qrupunda 67 ləkə, o cümlədən geoeffektiv Tac dəliyi müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli 9842 pfu-ya kimi yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 611 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 44 nT, radial istiqamətdə isə -26 nT-dək artmışdır. Hal-hazırda Günəş küləyinin sürəti 493 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.83 nT, radial istiqamətdə isə 2.33 nT təşkil edir.
Hesabat dövrü ərzində geomaqnit sahəsinin aktivliyi 4 noyabrdan başlayaraq artmış və G3 (güclü) səviyyəli geomaqnit qasırğasına kimi yüksəlmişdir. Bu cür geomaqnit qasırğası elektrik şəbəkələrində induksiya cərəyanı, küy siqnalları, gərginlik sıçrayışları, peyklərdə səth yüklənməsi, oriyentasiya problemləri yaradır, Yuxarı enliklərdə yüksək tezlikli radiosiqnallarda fasilələrə, naviqasiyada xətanın artmasına səbəb olur. Son geomaqnit qasırğasında 44⁰ enliklərə kimi fotokamera vasitəsilə avroraları qeyd etmək mümkün olmuşdur. Hal-hazırda kosmik hava qeyri-sabitdir və G2 (orta) səviyyəli qasırğa gözlənilir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (07-13 noyabr) C sinif alışmanın baş verməsi ehtimalı 80%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalması gözlənilir.
Ardıcıl Yerə istiqamətlənmiş TKA-nın və Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri nəticəsində Günəş küləyinin sürətini 08-09 noyabradək saxlayacağı proqnozlaşdırılır.
Geomaqnit sahəsinin TKA və Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə gün ərzində G2 (orta) səviyyəli qasırğa gözlənilir. Geomaqnit sahəsinin 08-09 noyabr tarixlərində də fəallığını saxlayacağı və daha sonra normala dönməsi gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.