Rəsədxana rəhbərliyi Türkiyədə ezamiyyətə olub Okt 31, 2023 | 09:10 / MÜHÜM HADİSƏLƏR

21-28 oktyabr 2023-cü il tarixdə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) rəhbərliyi – baş direktor, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və icraçı direktor, professor Nəriman İsmayılov Türkiyə Respublikasının Antalya şəhərində TÜBİTAK Beynəlxalq Astrofizika Rəsədxanasında (TÜBİTAK Ulusal Gözlemevi - TUG) ezamiyyətdə olublar.   

Səfərin əsas məqsədi elmi, texnoloji və kadr hazırlığı istiqamətlərində mövcud olan əməkdaşlığın daha da genişləndirilməsi, bu məqsədlə tərəflərin malik olduqları potensialın araşdırılması və birləşdirilməsi, elmi proyektlərdə müştərək fəaliyyətin təşkili olmuşdur.

Ezamiyyət müddətində ŞAR nümayəndə heyəti TUG-un infrastrukturu ilə tanış edilib. TUG-un Antalya şəhərində Akdeniz Universiteti ərazisində  yerləşən əsas inzibati binasında ŞAR nümayəndələri məruzə ilə çıxış edib, ŞAR-ın nəaliyyətlərini və texniki problemləri diqqətə çatdıraraq həll yollarını müzakirə ediblər.

Sonra TUG əməkdaşlarının məruzələri dinlənilib, son illərdə əldə olunmuş, əsasən də texnoloji istiqamətlərdəki nəaliyyətlər müzakirə olunub. Daha sonra isə dəniz səviyyəsindən 2500 m yüksəklikdə qurulmuş, tam avtomatlaşdırılmış və robotlaşdırılmış teleskoplarlara baxış keçirilib, uzaq məsafədən internet üzərindən idarə olunan 5 teleskopda yerinə yetirilən elmi tədqiqatlar haqqında ətraflı məlumat verilib.

Səfərin son günündə Şamaxı Astrofizika Rəsədxanası və TÜBİTAK Beynəlxalq Rəsədxanası arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, ŞAR teleskoplarının avtomatlaşdırılması və məsafədən idarə olunması nəzərdə tutulub ki, bu istiqamətdə fəaliyyətin təşkili üçün TUG mütəxəssislərinin yaxın zamanda Azərbaycana gəlişi qərara alınıb.

Səfər zamanı ŞAR nümayəndələrinin Akdeniz Universitetində çalışan astrofizik alimlər ilə də elmi müzakirələri olub, gələcək əməkdaşlıq planları müzakirə edilib. Akdeniz Universitetinin rəhbərliyi ilə görüşdə gələn il quraşdırılacaq yeni Günəş teleskopunun birgə istismarı (Günəş-Yer əlaqələri fizikası üzrə) nəzərdə tutulub, bu haqda yaxın zamanda tərəflər arasında yeni müqavilənin hazırlanması qərara alınıb.

Qeyd edək ki, perspektiv elmi əməkdaşlıq istiqaməti kimi daha böyük kollaborasiyanın qurulması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.