Kosmik hava durumu və proqnozu Okt 09, 2023 | 14:10 / KOSMİK HAVA

Kosmik hava durumuHesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olub, maksimal sinifli alışma 3455 oblastındakı M 1.9 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində R1 səviyyəli radiosiqnalların kəsilməsi və II tip radioemissiya qeydə alınmışdır. Günəş ləkələrinin sayı artaraq 9 ləkə qrupunda 149 ləkə, həmçinin Yerə istiqamətlənmiş ekvatorial Tac dəliyi müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli 1297 pfu–ya yüksəlmişdir,  10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 508 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 9 nT, radial istiqamətdə isə  -7 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti normallaşaraq 324 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6 nT, radial istiqamətdə isə  -5 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsinin aktivliyi 5 oktyabrda fasilələrlə  G1 səviyyəsinə kimi yüksəlmiş və qısamüddətli geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda Kp indeksi 1.3 -ə bərabərdir, kosmik hava sakitdir.

Kosmik hava proqnozu Proqnoz günlərində (09-15 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 35%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin də fon səviyyəsində qalacağı gözlənilsə də, Tac dəliklərinin radiasiya qurşaqlarına təsiri ehtimalı da istisna olunmur.

Günəş küləyinin sürətinin mənfi qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsinin də mənfi qütblü Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə  11-14 oktyabr tarixlərində qeyri-sabit olacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.