ŞAR əməkdaşı Estoniyada ezamiyyətdədir Okt 04, 2023 | 14:10 / MÜHÜM HADİSƏLƏR

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin dissertantı, kiçik elmi işçi İskəndərova Aytac Estoniyanın Tartu Rəsədxanasında uzunmüddətli elmi ezamiyyətdədir.

Ezamiyyət çərçivəsində Aytac İskəndərova IRAF proqram paketi vasitəsilə spektrləri işləməyi mənimsəmək məqsədi ilə kurslara cəlb olunub. ŞAR-ın 2-m teleskopunda alınmış spektral və 60-sm teleskopunda alınmış fotometrik materialların Tartu Rəsədxanası əməkdaşları ilə birgə işlənilməsi, alınmış nəticələrin birgə interpretasiyası və sonda birgə elmi məqalələrin çap etdirilməsi istiqamətində işlər aparılır.

Tartu Rəsədxanasının elmi seminarlarında və digər tədbirlərdə fəal iştirak edən əməkdaşımız Tartu Rəsədxanasında keçirilən, Horizon Avropa Tvinninq layihəsi olan EXOHOST və Böyük Britaniya Araşdırma və İnnovasiya tərəfindən maliyyələşdirilən “Stellar spectroscopy” vorkşopunda iştirak edib. 2 gün davam edən vorkşopun ilk günü İsveçin Uppsala Universitetinin professorları tərəfindən edilən ulduz spektroskopiyası ilə bağlı çıxışlar dinlənilib, növbəti gün isə bütün iştirakçılar praktik çalışmalara cəlb olunub.

Qeyd edək ki, ezamiyyə xərcləri Avropa İttifaqı tərəfindən HORİZON 2020 İnnovasiya qrant layihəsi tərəfindən maliyyələşdirilən 823734 saylı Marie-Sklodovska-Küri Qrant Sazişi çərçivəsində ödənilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.