Kosmik hava durumu və proqnozu Sen 18, 2023 | 10:09 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşdə fəallıq orta səviyyədə olmuşdur. Maksimal sinifli alışma 3429 oblastındakı  M 3.3 (R1) sinifli alışmalar olmuşdur. Alışmalar nəticəsində II tip radioemissiya qeydə alınmışdır.  Günəş ləkələrinin sayı azalaraq 8 ləkə qrupu və 94 ləkə müşahidə olunur.  Həmçinin bir neçə Tac Kütlə Atılması (TKA) baş vermişdir. Günəşin səthində Tac dəlikləri qeyd olunsa da, Yerə istiqamətlənmiş ekvatorial Tac dəlikləri müşahidə olunmur. 

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə (maks: 411 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur. 

Hesabat dövründə Günəş küləyi öz sürətini saxlamışdır. Maksimal sürət 528  km/san qeydə alınmışdır. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti 20 nT, radial istiqamətdə isə -19 nT  olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 424 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 10 nT, radial istiqamətdə isə  -2 nT təşkil edir.

Hesabat dövrü ərzində 12 sentyabrda geomaqnit sahəsinin aktivliyi G2 (orta) səviyyəsinə kimi yüksəlmişdir. Bu gün isə G1 (zəif) səviyyəli geomaqnit qasırğası başlayıb. 

Kosmik hava proqnozu – Proqnoz günlərində (18 sentyabr - 25 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir. 

Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta səviyyəyə qalxacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır. 

Günəş küləyi sürətinin sentyabrda TKA-nın və  müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli  Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir. 

Geomaqnit sahəsinin 16 sentyabrda baş vermiş TKA-nın təsiri ilə  19 sentyabrda G3 (güclü) səviyyəsinə kimi yüksəlməsi ehtimalı var. Geomaqnit sahəsinin 20 sentyabrda sakitləşəcəyi gözlənilir. 23 sentyabrda yenidən G1 (zəif) səviyyəli geomaqnit qasırğası ehtimalı var. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.