III Məktəblilərarası Astronomiya Olimpiadasının respublika qaliblərinin mükafatlandırılma mərasimi keçirilib Sen 14, 2023 | 10:09 / MÜHÜM HADİSƏLƏR

13 sentyabr 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş III Məktəblilərarası Astronomiya Olimpiadasının respublika qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.

2016-cı ildən etibarən Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Tusi-Bohm Planetarium birgə təşəbbüsü ilə məktəblilər üçün astronomiya yönümlü proqramların təşkil edilməsinə start verilib.

Olimpiada Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsi, Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsinin təşkilatçılığı ilə keçirilib.

Qeyd edək ki, III Məktəblilərarası Astronomiya Olimpiadası və Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun dəstəyi ilə həyata keçirilib.

Yarışda ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri astronomiya üzrə bilik və bacarıqlarını sınayıb. Bu il 592 nəfər şagird qeydiyyatdan keçib.

Mükafatlandırma mərasimində Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, dosent Firuzə Sultan-zadə, Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, müxbir üzv Namiq Cəlilov, Bakı Dövlət Universiteti Astrofizika kafedrasının müdiri f.r.e.n., dosent Kəmalə Alışeva, Azərbaycan Respublikasının Təhsil İnstitutu, İstedadlı uşaqlarla iş şöbəsinin baş mütəxəssisi Qorxmaz Mustafayev, Tusi-Bohm Planetariumunun rəhbəri Famil Mustafa iştirak ediblər.

Qeyd edək ki, III Məktəblilərarası Astronomiya Olimpiadasının mükafatlandırılma mərasimi Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni binasında keçirilib. Sonda qaliblər medal və dəyərli hədiyyələrlə mükafatlandırılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.