Şamaxı Astrofizika Rəsədxanasının növbəti seminarı keçirilib Sen 14, 2023 | 09:09 / SEMİNARLAR

Sentyabr ayının 13-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) genişləndirilmiş elmi seminarında rəsədxananın elmi işçisi Günay Məhərrəm qızı Hacıyevanın “SEÇİLMİŞ A VƏ F SPEKTRAL SİNİFLİ ULDUZLARDA QEYRİ-STASİONARLIQ VƏ KİMYƏVİ TƏRKİB” mövzusunda Astronomiya elm sahəsinin astrofizika və ulduz astronomiyası ixtisası (2108.01) üzrə təqdim edilmiş fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat vermişdir.

G.M. Hacıyeva çıxışında ifratnəhəng və nəhəng ulduzlara dair indiyədək görülmüş elmi-tədqiqat işlərinin nəticələrindən danışıb. Müasir dövrdə ulduz astrofizikasında olan problemləri sadalayıb.

Təqdim olunan işdə konkret olaraq seçilmiş 89 Her, HD 161796, φ Cas, 44 Cyg, HD 207260 və s. ifratnəhəng ulduzlarının ŞAR-ın 2 metrlik teleskopunda alınmış spektrləri əsasında bu ulduzların atmosferində baş verən qeyri-stasionar və periodik proseslərin analizindən alınmış hesablamaların nəticələri göstərilmişdir.

İddiaçı tərəfindən seçilmiş A-F spektral sinifli ulduzların fundamental parametrləri: effektiv temperaturu, ağırlıq qüvvəsinin təcili və kimyəvi tərkibi təyin edilmişdir. Təkamül əyrilərindən istifadə etməklə ulduzların təkamül parametrləri: kütləsi, radiusu, işıqlığı təyin edilmişdir.

G.M.Hacıyeva tərəfindən praktiki olaraq müşahidələrdən alınmış nəticələrlə ulduzların müasir kimyəvi təkamül nəzəriyyəsinin mülahizələrinin doğruluğu təsdiq olunmuşdur.     

Çıxışın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, iddiaçı tərəfinən seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və müvafiq tövsiyələr verilərək, işin növbəti mərhələyə təqdim olunmasına qərar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.