Kosmik hava durumu və proqnozu Sen 04, 2023 | 10:09 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artmışdır. Maksimal sinifli alışma 3413 oblastındakı M 6.01 (R2) sinifli alışma olmuşdur. Alışmalar nəticəsində II və IV tip radioemissiya, 10 sm dalğa uzunluğunda radioalışmalar, həmçinin Yerə istiqamətlənmiş bir neçə Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır. Günəş ləkələrinin sayı artaraq, 6 ləkə qrupu və 77 ləkə müşahidə olunur.  Günəşin səthində kiçik Tac dəliyi qeyd olunsa da, Yerə istiqamətlənmiş ekvatorial Tac dəlikləri müşahidə olunmur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə (maks: 836 pfu) olmuşdur. 10 MeV-dən çox enerji yüklü proton seli isə 1-2 sentyabr tarixlərində 25 pfu-ya kimi yüksəlmiş, S1 səviyyəli radiasiya qasırğası baş vermişdir.

Hesabat dövründə Günəş küləyinin sürəti artaraq 743 km/san qeydə alınmışdır. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti 12 nT, radial istiqamətdə isə -9 nT  olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 431 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4 nT, radial istiqamətdə isə  -2 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsi  Günəşdə baş vermiş lifin püskürməsi ilə müşayiət olunan TKA-nın və Tac Dəliklərindən çıxan Yüksək Sürətli  Zərrəciklər Selinin təsiri ilə 02-03 sentyabr tarixlərində orta səviyyəli (G2) geomaqnit qasırğası baş vermişdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (04 sentyabr-11 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 75%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 5%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin yüksək səviyyələrə qalxacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

04-06 sentyabr tarixlərində TKA-nın və  müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli  Zərrəciklər Selinin təsiri ilə Günəş küləyinin öz sürətini saxlayacağı gözlənilir.

Geomaqnit sahəsinin Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 06 sentyabra kimi qeyri-sabit və aktiv səviyyələrdə olacağı gözlənilir. Əgər Yerə istiqamətlənmiş TKA-nın da təsiri əlavə olunarsa, yenidən geomaqnit qasırğasının baş vermə ehtimalı vardır.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.