ŞAR-ın əməkdaşları "Qamov Beynəlxalq Astronomiya Konfransı"nda çıxış ediblər Avg 29, 2023 | 11:08 / KONFRANSLAR

Ukraynanın Odessa şəhərində “Astronomy and Beyond: Astrophysics, Cosmology and Gravitation, Astroparticle Physics, Radioastronomy, Astrobiology and Genetics” mövzusunda XXIII "Qamov Beynəlxalq Astronomiya Konfransı" keçirilib.

Konfransda onlayn formatda iştirak edən ŞAR-ın “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin elmi işçisi Aysel Rüstəmova “The Hα və Hβ lines in the spectrum of CH Cyg in 2016”,  “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin böyük elmi işçisi, Astronomiya üzrə fəlsəfə doktoru  Ülkər Rüstəm isə  “Fundamental parameters of supergiant star HD 40589 (A0IAB)” adlı məruzə ilə çıxış ediblər.

Aysel Rüstəmova öz məruzəsində N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2-m teleskopunun Kasseqren fokusunda, optik lifli eşelle spektroqrafda (ShaFES), 2016-cı ildə iyun-noyabr zaman intervalında, CH Cyg simbiotik ulduzunun eşelle spektrləri əsasında Hα və Hβ emissiya xətlərinin profillərinin əsas parametrləri ilə ulduzun  parlaqlıq əyrisinin   müqayisəli analizinin nəticələrini təqdim edib. Ha və Hb emissiya xətlərinin ekvivalent enləri və komponentlərin intensivliklərinin dəyişməsində 241 günlük kvaziperiod aşkar edilmişdir.

Ülkər Rüstəm A spektral sinfinə aid olan HD40589 (A0Iab) ifratnəhəng ulduzunun atmosferi model və paralaks üsulları ilə tədqiqinin nəticələrini paylaşıb. Ulduzun effektiv temperaturu (Teff) və səthində ağırlıq qüvvəsinin təcili (g [c1]), Q fotometrik kəmiyyətlərinin və hidrogen Balmer seriyasının spektral xətlərinin ekvivalent enlərinin müşahidədən alınmış və nəzəri hesablanmış qiymətlərinin müqayisəsi və paralaks üsuludan istifadə edilərək müəyyən edilmişdir. FeII xətləri əsasında mikroturbulentlik ξt və metallıq [Fe/H] müəyyən edilmişdir.  Alınmışdır ki, ulduzun atmosferində metallıq Günəşdəki metallığa yaxındır və Günəşlə eyni metallığa malik maddədən yarandığını göstərir.

Məruzələrin sonunda konfrans iştirakçılarının  mövzu ilə bağlı sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.