Kosmik hava durumu və proqnozu Avg 28, 2023 | 13:08 / KOSMİK HAVA

Kosmik hava durumu Hesabat dövrü ərzində Günəşin fəallığı  orta olub, maksimal sinifli alışma M 1.4  sinifli alışma olmuşdur. Alışmalar nəticəsində II  tip radioemissiya, həmçinin qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəş ləkələrinin sayı azalmışdır, hal-hazırda Günəşin səthində 5 ləkə qrupu və 69 ləkə müşahidə olunur. 

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə ( maks: 602 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin sürəti azalaraq maksimal sürət 527 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti 9 nT, radial istiqamətdə isə -7 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti 325 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 5 nT, radial istiqamətdə isə  -4 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit-aktiv səviyyələrdə olub (4 Kp),  geomaqnit qasırğaları baş verməyib.

Kosmik hava proqnozu – Proqnoz günlərində (28 avqust-3 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 90%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı proqnozlaşdırılır.

Günəş küləyinin sürətinin mənfi qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 28-29 avqustda  qismən artacağı, sonra isə yenidən normala dönəcəyi gözlənilir.

Geomaqnit sahəsinin Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 28-29 avqustda   qeyri-sabit, sonra isə sakit olacağı gözlənilir.  Geomaqnit qasırğası gözlənilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.