Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib Avg 23, 2023 | 12:08 / ASTRO SEMİNARLAR

Avqustun 23-də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

 Sonra ŞAR-ın  “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin elmi işçisi Günay Hacıyeva “ρ Cas (HR 9045, HD 224014) ulduzunun kimyəvi tərkibi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə model üsulu ilə ρ Cas hipernəhəng ulduzunun atmosferinin tədqiqat nəticələri təqdim edilib. Tədqiqat işində müşahidə və nəzəri hesablanmış qiymətlərinin müqayisəsi əsasında ulduzun effektiv temperaturu, səthində ağırlıq qüvvəsinin təcili, FeII xətləri əsasında mikroturbulent hərəkət sürəti təyin edilmiş, ulduzun atmosferində kimyəvi elemenlərin miqdarı hesablanmışdır. Aşkar edilmişdir ki, ρ Cas ulduzunun atmosferində Günəşdə olan miqdar ilə müqayisədə karbon (C) elementinin miqdarı az, azot (N) və natrium (Na) elementlərinin miqdarı çox, digər elementlərin miqdarı isə praktik olaraq eynidir.

Çıxışın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.