Maqnetarların necə yaranması kəşf olunub Avg 22, 2023 | 13:08 / ASTRO XƏBƏRLƏR

 

Avropa Cənub Rəsədxanası (ESO)  digər tərəfdaşlarla birgə HD 45166 ulduzunun tədqiqat nəticələrini paylaşıb. Tədqiqat işi  "Science" jurnalında nəşr olunub.

Yerdən 3000 işıq ili məsafədə - Təkbuynuz bürcündə yerləşən qoşa sistemin baş ulduzu təxminən 2-3 Günəş kütləsinə malikdir. Digər ulduz isə B spektral sinifli baş ardıcllıq ulduzudur. Baş ulduz Volf-Raye fenomeni göstərsə də, əslində kütləsi klassik Volf-Raye ulduzlarından  çox kiçikdir və parlaqlığı zəifdir. Spektrinin Volf-Raye ulduzlarına bənzəməsinə isə onun iki heliumla zəngin ulduzun birləşməsindən formalaşıb. Bu səbəbdən HD 45166  ulduzu 100 ildən artıq məlum olmasına baxmayaraq ulduzun tipini  mövcud modellərlə izah etmək mümkün deyildi.

Əvvəllər helium ulduzlarını tədqiq edən qrup, ulduzun qeyri-adiliyini onun güclü maqnit sahəsi olması ilə əlaqələndiriblər və bu istiqamətdə araşdırmalar aparıblar. Kanada-Fransa-Havay teleskopunda aparılan müşahidələrdən  və Avropa Cənub Rəsədxanasının (ESO)  arxiv materiallarından alınmışdır ki, bu heliumla zəngin ulduz Yerin maqnit sahəsindən 100 000 dəfə güclü maqnit sahəsinə malikdir (43 000 Qaus / Günəşin maqnit sahəsi 50 Qaus, maqnit-rezonans tomoqrafiyasının yaratdığı maqnit sahəsi 3000-7000 Qausdur) HD 45166 indiyə kimi aşkar olunmuş ən massiv “canlı” maqnit ulduzudur. Alimlər maqnetarların HD 45166  tipli ulduzlarından yarandığını düşünürlər.

Maqnetarlar çox böyük sıxlığa və maqnit sahəsinə malik “ölü” ulduzlardır. Onlar bütün kainatda müşahidə olunsalar da, necə yarandıqları məlum deyil. Maqnetarların maqnit sahəsi HD 45166-nın maqnit sahəsindən milyard dəfə böyük olur. Alimlərin fikrincə, HD 45166 həyatının sonunda qravitasiya kollapsı edərək sıxılacaq və nəticədə onun maqnit sahəsi artaraq 100 trilyon Qaus olmaqla, ən güclü maqnetarlardan birinə çevriləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.