Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib Avg 17, 2023 | 11:08 / SEMİNARLAR

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

ŞAR-ın  “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin müdiri, f.r.ü.f.d., dosent Nazim Hüseynov  “Seyfert qalaktikası NGC 4151-in spektral və fotometrik dəyişkənliyinin xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzədə I tip Seyfert qalaktikası NGC 4151 üçün 1906-2016-cı illəri əhatə edən tarixi parlaqlıq əyrisi  təqdim olunub.  110 illik tarixi parlaqlıq əyrisi spektral və fotometrik dəyişkənlik müşahidə olunan Seyfert qalaktikaları arasında indiyə qədər məlum olan ən uzun müddətli parlaqlıq əyrisidir və tarixi  parlaqlıq əyrisindən 16 illik  periodik komponentin mövcudluğu aşkarlanmışdır. Həmçinin məsafəni təyin etmək üçün Genişlənən Fotosfer  (Expanding Photosphere method)  və  Standart Şam üsulundan (The Standard Candle method)  istifadə edərək NGC 4151 qalaktikasına qədər məsafə üçün  alınan nəticələr açıqlanmışdır. İstifadə olunmuş üsullarla  NGC 4151 qalaktikasına  kimi məsafə 20.0 ± 1.6 Mps və 16.6 ± 1.1 Mps alınmışdır.

Çıxışın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.