Rəsədxanada olimpiadaya hazırlıq düşərgəsi təşkil olunub İyl 28, 2023 | 14:07 / RƏSƏDXANA XƏBƏRLƏRİ

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında məktəblilər üçün hazırlıq düşərgəsi keçirilib. Düşərgədə Polşada keçiriləcək XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlər iştirak edib.

Hazırlıq düşərgəsinin keçirilməsində əsas məqsəd Azərbaycan komandasının olimpiadaya hazırlıq prosesinin təkmilləşdirilməsi, iştirakçıların nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi, sürətli düşünmə və qərar vermə bacarıqlarının inkişaf etdirilməsidir.

İştirakçıları rəsədxanada ŞAR-ın Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov qəbul edib. O, ilk öncə olimpiada təmsilçilərimizi təbrik edərək beynəlxalq olimpiadalarda əldə olunan təcrübənin gələcəkdə daha böyük nailiyyətlərə imkan yaradacağına inamını ifadə edib. İştirakçılara rəsədxananın fəaliyyəti, əsas elmi istiqamətləri və perspektiv imkanları barədə geniş məlumat verən Namiq Cəlilov, daha sonra məktəblilərin astronomiyaya yanaşmalarını, bu sahə ilə bağlı gələcək hədəflərini müəyyənləşdirmək üçün iştirakçılarla fərdi söhbət edib. Alim, astronomiyanın orta ümumtəhsil məktəblərində tədris olunmamasına rəğmən bu elmə maraq göstərən şagirdlərə hər zaman dəstək olacaqlarını xüsusi vurğulayıb.

Düşərgədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov tərəfindən olimpiadaya hazırlıq dərsləri keçilib. Həmçinin olimpiadanın keçən ilki mükafatçılarından, Sinqapurun Nanyanq Texnoloji Universitetinin tələbəsi Vaqif Əliyevlə bərabər olimpiada məsələlərinin həllinə baxılıb. İnteraktiv formada təşkil olunan dərslərdə şagirdlərə olimpiadalara effektiv hazırlaşma metodikası öyrədilib, fənn olimpiadalarının mövzularının asan qavranılması üçün sadə üsullarla izahlar və həll yolları göstərilib.

Dərslərlə yanaşı düşərgə iştirakçıları rəsədxananın teleskopları ilə tanış olublar, onlara teleskopların iş prinsipi, teleskoplarla aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat verilib. Şagirdlər, həmçinin gecə müşahidələrində də iştirak ediblər.

Qeyd edək ki, Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq düşərgəsi Şamaxı Astrofizika Rəsədxanasının və Tusi-Bohm Planetariumun dəstəyi ilə təşkil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.