Kosmik hava durumu və proqnozu İyl 24, 2023 | 09:07 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artmışdır. 18 iyulda 3363 oblastında baş vermiş M 5.37 sinifli alışma Tac Maddə Atılması ilə müşaiyət olunmaqla yanaşı, S2 səviyyəli radiasiya qasırğasına səbəb olmuşdur. Günəş ləkələrinin sayı artmışdır, 7 ləkə  qrupu və 103 ləkə müşahidə olunur. Alışmalar nəticəsində R1-R2 səviyyəli radiosiqnalların kəsilməsi və II-IV tip radioemissiya və 10 sm-lik radioalışmalar, həmçinin Yerə istiqamətlənmiş Tac Maddə Atılmaları qeydə alınmışdır.

Enerjisi 2 MeV-dan çox olan elektron seli 1856 pfu ya kimi yüksəlmişdir, 10 MeV-dən çox enerji yüklü proton seli isə 17 iyulda S1, 18 iyuldan isə S2 səviyyəli qasırğaya kimi artmış və 3 gün davam etmişdir.             

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 620 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 15 nT, radial istiqamətdə isə  -12 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti 423 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 5.64 nT, radial istiqamətdə isə  3.6 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsinin aktivliyi fasilələrlə G1 səviyyəsinə kimi yüksəlmişdir və qısa müddətli geomaqnit qasırğaları baş vermişdir. Hal-hazırda Kp indeksi 2.33-ə bərabərdir və kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (24-30 iyul) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dan çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır. 

Günəş küləyinin sürətinin Yüksək Sürətli Zərrəciklər selinin təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsi bu gün 4 Kp-yə (aktiv) kimi yüksələ bilər. 25 iyulda Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə qeyri-stabil olacağı, 27 iyulda isə yenidən 4 Kp-yə kimi yüksələ biləcəyi proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.