Alimlər qara ulduzlara bənzər obyektlər aşkar edib İyl 20, 2023 | 12:07 / ASTRO XƏBƏRLƏR

Ceyms Veb teleskopu Kainatın yarandığı ilk vaxtlarda mövcud olduqları fərz olunan qara ulduzlara bənzər obyektlər aşkar edib.

Tədqiq olunan 3 nöqtəvi obyektin (JADES-GS-z13-0, JADES-GS-z12-0 və JADES-GS-z10-0) ilk olaraq ən uzaq qalaktikalar olduğu düşünülürdü. Lakin alimlər belə nəticəyə gəliblər ki, uzaqda yerləşdikləri üçün nöqtəvi görünən obyektlərin fotometrik xüsusiyyətləri onların super qara ulduzların modelləşdirilmiş sintetik spektrləri ilə izah oluna bilər.

Beləliklə, massiv qara ulduzlar Ceyms Veb  tərəfindən tapılan uzaq,  nöqtəvi və  parlaq obyektlər üçün yaxşı bir izah ola bilər. Bununla belə, daha konkret nəticələr əldə etmək üçün qara ulduzlar nəzəriyyəsini təkmilləşdirməli və tapılan obyektləri daha ətraflı öyrənmək lazımdır. 

Qeyd edək ki, qara ulduz anlayışı ilk dəfə 2007-ci ildə təklif olunub. Nəzəriyyəyə əsasən, ilk ulduzlar yaranana kimi mövcud olan  və optik oblastda müşahidə olunmayan  bu obyektlər çox böyük (diametri 10 a.v-dən çox) və İlkin Kainata nisbətən soyuq (~10 000 K) olublar. Güman edilir ki, onların nüvəsi olmadığından nüvə sintezi reaksiyaları əvəzinə, ulduzun bütün həcmi boyu tünd maddə hissəciklərinin annihilyasiyası hesabına ayrılan enerji belə ulduzların istilik və hidrostatik tarazlıqda olmasına imkan verirdi.

Nəzəriyyəyə görə demək olar ki, tamamilə hidrogen və heliumdan ibarət olan ulduzların kütləsinin  ~0,1%-dən az hissəsini qaranlıq maddə təşkil edirdi. Ətrafdakı maddənin akkresiyası hesabına 106 Günəş kütləsinə (M ☉) qədər böyüyən bu obyektlər ifratnəhəng qara ulduzlara çevrilirdilər. Belə ki, Kainatda xüsusən də ilk bir neçə milyard ildə yaranmış super kütləli qara dəliklərin mövcudluğu qara ulduzların ömürlərinin sonunda kollaps edərək super qara dəliyə çevrilməsi ilə izah olunur. 

İşin müəllifləri Kolqeyt və Texas Universitetindən olan astrofiziklər qrupudur. Həmmüəlliflərdən biri Ketrin Friz, həmçinin qara ulduzlar nəzəriyyəsinin yaradıcılarından biridir. Tədqiqat işi "Proceedings of the National Academy of Sciences" jurnalında çap olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.