Kosmik hava durumu və proqnozu İyl 10, 2023 | 09:07 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olub, M (R1-R2) və C sinif alışmalar baş vermişdir. Maksimum sinifli alışma (M 4.06) 7 iyul tarixində qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artmışdır. Hal-hazırda 12 ləkə qrupu və 197 ləkə müşahidə olunur. Hesabat dövrü ərzində Günəş fəallığı nəticəsində II tip radioemissiya qeydə alınmışdır. Qismən Yerə istiqamətlənmiş bir neçə Tac Kütlə Atılmaları qeydə alınsa da, ancaq xarici radiasiya qurşağına təsir etmişdir. Günəşin səthində Tac dəliyi müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli yüksək səviyyədə (maks: 3583 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimum sürət 629 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 11 nT, radial istiqamətdə isə -9 nT-yə çatmışdır. Hal-hazırda isə Günəş küləyinin sürəti normallaşaraq 336.4 km/san, planetlərarası maqnit sahəsinin qiyməti 4.34 nT, radial istiqamətdə isə -1.31 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit və aktiv səviyyələrdə olmuşdur. Hal-hazırda geomaqnit sahəsi sakitdir (Kp=1.67).

Kosmik hava proqnozu – Proqnoz günlərində (10-17 iyul) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 35%, X (R3) sinif isə 1% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin 10-12 iyulda yenidən yüksələcəyi, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyinin sürətinə 11 iyulda müsbət qütblü CH HSS-in (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri gözlənilir.

Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması, 12-13 iyulda isə 4Kp-yə kimi yüksəlməsi ehtimalı var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.