Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib İyl 05, 2023 | 13:07 / ASTRO SEMİNARLAR

İyul ayının 5-də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra ŞAR-ın “Qoşa ulduzlar və erruptiv proseslər” şöbəsinin elmi işçisi Aysel RüstəmovaCH Cyg simbiotik ulduzunun spektrində udulma xətlərinin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda ŞAR-ın 2-m teleskopunda alınmış yüksək ayırdetməli bircins spektral müşahidə materialı və dərc olunmuş ədəbiyyatdan toplanmış müşahidə verilənləri əsasında təqribən 60-illik bir dövr ərzində CH Cyg simbiotik ulduzunun spektrində udulma xətlərinin şüa sürətlərinin tədqiqinin ilkin nəticələrini təqdim edib. Bu tədqiqatın məqsədi əvvəlki illərdə bu ulduzun parlaqlığının və spektrində şüa sürətlərinin dəyişməsində aşkar olunmuş bir sıra periodların yeni müşahidə materialları əsasında analiz olunmasıdır. Tədqiqat işində 2019-2020-ci illərdə ŞAR-ın 2-m teleskopunda  aparılmış CH Cyg simbiotik ulduzunun müntəzəm spektral müşahidə materialı əsasında udulma xətlərinin şüa sürətlərinin dəyişməsində aşkar olunmuş təqribən 750 günlük period, həmin zaman intervalında AAVSO fotometrik məlumat bazasından götürülmüş qiymətlər əsasında qurulmuş parlaqlıq əyrisi ilə müqayisəli şəkildə təhlil olunur.

Çıxışın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.