Rəsədxana əməkdaşları yay düşərgəsində iştirak edib İyl 04, 2023 | 16:07 / TƏDBİRLƏR

26 iyun - 01 iyul tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Şəkidə “Gənc alimlərin innovativ ideya düşərgəsi” keçirilib. Şəki Olimpiya İdman Kompleksində təşkil olunan düşərgədə Respublika üzrə gənc alim və mütəxəssislər, o cümlədən Şamaxı Astrofizika Rəsədxanasının gənc alimləri və müxtəlif ali təhsil müəssisələrin gənc tələbələri iştirakı edib.

Düşərgənin proqramına əsasən innovativ texnologiya və süni intellektin tətbiq olunduğu yaşıl enerji, tibb, kənd təsərrüfatı, təhsil və müxtəlif sahələrdə gənclər üçün elmi-praktiki təlim, maarifləndirici seminarlar təşkil edilib, onların bilik və bacarıqları yoxlanılıb. Təcrübəli alim və mütəxəssislər tərəfindən keçirilən seminar və mühazirələr zamanı dinləyicilərin sualları hərtərəfli cavablandırılıb. Düşərgənin sonunda gənclərdən ibarət komandaların hazırladığı layihələr əsasında innovativ ideya yarmarkası keçirilib, bir-birindən maraqlı layihələr mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. 

Qeyd edək ki, düşərgə müddətində gənc alimlərin və universitet tələbələrinin asudə vaxtlarının səmərəli təşkili üçün düşərgə iştirakçılar arasında müxtəlif idman yarışları, intellektual və əyləncəli oyunlar keçirilib, qaliblər mükafatlandırılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.