Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib İyn 21, 2023 | 13:06 / ASTRO SEMİNARLAR

İyunun 21-də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Seminarda ŞAR-ın “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin müdiri Nazim Hüseynov “Seyfert qalaktikası NGC 2617-nin spektral və fotometrik dəyişkənliyinin xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə spektral tipini dəyişmiş NGC 2617 Seyfert qalaktikasının spektral və fotometrik dəyişkənliyinin xüsusiyyətləri tədqiq olunmuşdur. Müəyyən edilmişdir ki, NGC 2617 Seyfert qalaktikasında spektral tipin dəyişməsi 2013-cü ildə müşahidə olunan parlaqlığın artması ilə bağlı deyil. Tədqiqat işində NGC 2617 Seyfert qalaktikasında Hβ xəttinin profilində dəyişən şüalanma komponentinin olduğu və oxşar xüsusiyyətlərin spektral tipini (СL AGN) dəyişmiş digər qalaktikalar üçün də xarakterik olduğu qeyd edilmişdir. Parlaqlığın dəyişməsi 0.1 - 0.3 ulduz ölçüsü tərtibində olmuşdur; spektral tipin dəyişməsini izah etmək üçün yeni nəzəri model irəli sürülmüşdür.

Çıxışın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.