XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib İyn 14, 2023 | 11:06 / MÜHÜM HADİSƏLƏR

İyunun 13-də Bakı Dövlət Universitetində (BDU) XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib.
İmtahanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş III Məktəblilərarası Astronomiya Olimpiadasının qalibləri iştirak ediblər.

III Məktəblilərarası Astronomiya Olimpiadası Bakı Dövlət Universiteti, Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsi birgə təşkilatçılığı ilə əsasən qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlanması məqsədilə keçirilib.

Olimpiadanın qalibləri ilk öncə BDU-da təşkil olunmuş astronomiya dərslərinə cəlb olunublar, sonda isə imtahan veriblər. İmtahan nəticəsində seçilən 5 nəfərdən ibarət komanda 10-20 avqust tarixlərində Polşada keçiriləcək XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təhsil edəcək. Seçilən şagirdlərin nəzəri və praktiki hazırlığı olimpiadanın keçirilməsi tarixinə qədər davam edəcək.

Qeyd edək ki, III Məktəblilərarası Astronomiya Olimpiadası və Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun dəstəyi ilə həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.