Kosmik hava durumu və proqnozu İyn 05, 2023 | 12:06 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində maksimum sinifli alışma M 4.2 (R1) olmuşdur. Hal-hazırda Günəşin səthində aktiv ləkə qrupunun sayı azalaraq 7-yə düşmüşdür, aktiv ləkələrin sayı isə 110-dur. İyunun 4-ü baş vermiş CME-nin (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) Yerə istiqamətlənmiş komponentinin olub-olmadığı analiz olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə (maks: 653 pfu), enerjisi 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində olmuşdur.

Günəş küləyinin sürəti isə 465 km/san-yə  kimi artmışdır. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi artaraq Yer orbitində 12 nT, radial istiqamətdə isə -11 nT olmuşdur. Hal-hazırda planetlərarası maqnit sahəsinin ümumi intensivliyi Yer orbitində 7.79 nT, radial istiqamətdə isə 1.59 nT-dir.

Geomaqnit sahə sakit-aktiv fazalarda olmuşdur, Tac dəliyi ilə bağlı G1 sinifli geomaqnit qasırğası proqnozlaşdırılsa da, baş verməmişdir. Hal-hazırda isə geomaqnit sahə sakitdir (Kp=1+).

Kosmik hava proqnozu – Proqnoz günlərində (05-11 iyun) Günəş fəallığının zəif olacağı gözlənilir. C sinif alışmanın baş verməsi ehtimalı 99%, M sinif 35%, X sinif isə 10% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin sakit və həyacanlaşmış səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə 7 iyunda S1 səviyyəsinə qədər qalxacağı gözlənilir.

Günəş küləyinin sürətinin günəşin qərb yarımkürəsindəki iki tac dəliyi və müsbət qütblü CH HSS-in (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) təsiri ilə artacağı gözlənilir.

Proqnoz dövrü ərzində müsbət qütblü CH HSS təsiri ilə 5 iyunda G1 səviyyəli  geomaqnit qasırğasının olması, 6-7 iyunda da bu təsirin davam edəcəyi proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.