Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib May 26, 2023 | 10:05 / ASTRO SEMİNARLAR

May ayının 25-də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin əməkdaşı Əmrah Həsənov “Qoşa ulduzların 60 sm-lik və 2 m-lik teleskoplarda müşahidə prosesi” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim  olunan  işdə  N.Tusi  adına  Şamaxı  Astrofizika Rəsədxanasının  60-sm  və  2-m-lik  teleskopunda    qoşa  ulduz sistemlərinin  müşahidə  metodikası  və  alınmış  müşahidə materialının işlənməsi prosesi  şərh edilib. İlkin  olaraq  qoşa  ulduzlar  və  onların  xarakteristikası haqqında ətraflı məlumat təqdim olunub, daha sonra isə 60 sm-lik teleskopda  fotometrik,  2  m-lik  teleskopda  isə  spektral müşahidələrin aparılması prosesi mərhələli şəkildə izah edilib. Fotometrik  müşahidə  prosesi  və  müşahidə materiallarının  işlənməsində  MaxIm  DL, qoşa ulduzların 2 m-lik teleskop vasitəsilə alınmış spektrlərinin işlənməsində isə DECH proqram qovluğundan istifadə qaydaları göstərilib.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin yekununda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.