Rəsədxanada "Astronomiya dünən, bu gün və sabah" mövzusunda elmi sessiya keçirilib May 22, 2023 | 16:05 / TƏDBİRLƏR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) A.Hüseynzadə adına 20 nömrəli məktəb liseylə əməkdaşlıq çərçivəsində Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Astronomiya dünən, bu gün və sabah" mövzusunda elmi sessiya keçirilib. Tədbirdə rəsədxana kollektivi ilə yanaşı, 20 nömrəli məktəb liseyin rəhbərliyi və müəllim heyəti də iştirak edib.

Təşəbbüsün məqsədi, Azərbaycanın işıqlı gələcəyinin təminatı, insan cəmiyyətinin tərəqqisi üçün elm və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir.

Tədbiri Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov açaraq iştirakçıları salamlayıb və elm və təhsilin inteqrasiyası üçün bu kimi tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Alim bildirib ki, Ümummilli liderin hələ Sovet dövründə ikən elmə yatırım etməsi, azərbaycanlı gənclərini SSRİ-nin müxtəlif şəhərlərində təhsil almaq üçün göndərməsi heç də təsadüfi deyildi. Uzaqgörən rəhbər Heydər Əliyev bilirdi ki, ən yaxşı yatırım məhz insan kapitalına, elm və təhsilə qoyulan yatırımdır. İntellektual resursların ölkə həyatında müstəsna rolu, insan potensialının formalaşması, cəmiyyətin inkişafını şərtləndirən başlıca amildir.

Sonra çıxış üçün söz 20 nömrəli məktəb liseyin direktoru Esmira Ağayevaya verilib. Natiq çıxışında Heydər Əliyev irsinin bütün sahələrdə olduğu kimi elm və təhsil sahəsində də gələcəyə işıq tutduğunu qeyd edib. Esmira Ağayeva bildirib ki, bu irsə sadiq qalaraq Şamaxı Astrofizika Rəsədxanası və 20 nömrəli məktəb lisey arasında Astrofizika və Kosmologiyanın qarşılıqlı maraq doğuran sahələrində kadr hazırlığı, elmin təbliği və populyarlaşdırılması istiqamətində birgə fəaliyyət memorandumu imzalanıb. Rəsədxana əməkdaşlarının mentorluq etdiyi məktəblilər astronomiya ilə bağlı müsabiqələrdə nailiyyətlər əldə edib.

Açılış mərasiminin yekununda Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib.

Daha sonra isə elmi sessiya elmi-populyar çıxışlar fonunda öz işinə başlayıb. Elmi sessiyada ŞAR-ın astronomiya elmləri doktoru Zahir Səmədov, astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm, astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə, ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Aynurə Həsənova, kiçik elmi işçilər Samirə Rəhimli və Nurlan Şərəfxanov müvafiq olaraq, “Neytron ulduzlar”, “Nəsirəddin Tusi və Marağa rəsəxnası”, “Dünyada tanınmış ən məhşur teleskoplar və onların iş prinsipləri”, “Ulduzların təkamül mərhələləri”, “Qalaktikalar haqqında ümumi məlumat”, “Sinqulyarlıq” mövzuları üzrə məruzə ilə çıxış ediblər.

Çıxışlar ətrafında müzakirələr aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb.

Elmi sessiyanın sonunda 20 nömrəli məktəb liseyin rəhbərliyinə və təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən Kiçik Akademiyanın müəllim heyətinə elm və təhsilin inteqrasiyasına göstərdikləri dəstəyə görə "Təşəkkürnamə"lər təqdim edilib.

Tədbir başa çatdıqdan sonra qonaqların əvvəlcə ŞAR-ın muzeyinə və sonra isə 2 metrlik teleskop binasına ekskursiyası təşkil olunub. İlk öncə təcrübəli mütəxəssislərin müşayətilə qonaqlara muzeydə olan ekponatlar haqqında ətraflı məlumat verilib, daha sonra isə 2 metrlik teleskopun iş prinsipi, burada aparılan elmi tədqiqatlar barəsində danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.