Bu günədək müşahidə olunan ən böyük kosmik partlayış - AT2021lwx May 19, 2023 | 16:05 / ASTRO XƏBƏRLƏR

Sauthempton Universitetinin rəhbərlik etdiyi astronomlar qrupu tərəfindən aşkar edilən AT2021lwx, məlum olan ifratyenidən (supernova) on dəfələrlə və ya ulduzun qara dəliyə düşdüyü an hadisələr üfüqündə yaranan parlaqlıqdan üç dəfə daha parlaqdır.

Bu partlayış, yalnız bir neçə ay ərzində görünən, parlaq olan əksər ifratyeni partlayışı ilə müqayisədə üç ildən çoxdur ki, davam edir. Partlayış bizdən ~8 mlrd işıq ili uzaqlıqda yerləşir ki, bu da kainatın 6 mlrd il yaşına uyğun gəlir.

Tədqiqatçılar hesab edirlər ki, partlayış bizim Günəşdən minlərlə dəfə böyük olan qaz buludunun supermassiv qara dəlik tərəfindən parçalanmasının nəticəsidir. Bulud qalıqları qara dəlik tərəfindən udulduqca, onu əhatə edən tozdan yaranmış kəmərə şok dalğaları göndərəcəkdir. Bu cür hadisələr çox nadirdir və əvvəllər bu miqyasda partlayış müşahidə olunmayıb.

Keçən il astronomlar indiyə kimi müşahidə olunmuş ən güclü qamma partlayışını (GRB 221009A) qeydə aldılar. Lakin onun parlaqlığı AT2021lwx-dən çox olsa belə, sönməsi daha sürətli baş verdi. AT2021lwx-in belə uzun müddət parlaqlığını saxlaması partlayış zamanı daha çox enerji ayrıldığını göstərir.

AT2021lwx ilk dəfə 2020-ci ildə Kaliforniyada “Zwicky Transient Facility” tərəfindən aşkar edilib və daha sonra Havayda yerləşən ATLAS (Asteroid Terrestrial-impact Last Alert System - Asteroid Yerə Zərbə Xəbərdarlıq Sistemi) tərəfindən götürülüb. Bu cihazlar ifratyenilər kimi kosmik hadisələri göstərən parlaqlığı sürətlə dəyişən obyektləri aşkar etmək, həmçinin asteroid və kometləri tapmaq üçün istifadə olunur.

Obyekt ifratyeni axtarışları üçün tədqiqat proqramında kəşf olunub. Partlayış gücünü ifratyeni partlayışından dəfələrlə çox olması və parlaqlığın bu qədər uzun müddətdə yüksək səviyyədə qalması alimlərin diqqətini çəkib.

Obyektin spektrindəki udulma və şüalanma xətlərini ölçməklə ona qədər olan məsafəni,  sonra isə məsafə və görünən parlaqlıqdan istifadə edərək mənbənin parlaqlığını təyin ediblər. Nəticədə alınıb ki,  AT2021lwx çox parlaqdır  (7 × 1045 erq/san) və ondan daha parlaq obyektlər, ancaq kvazarlardır.

Komanda indi partlayışla bağlı daha çox məlumat toplayır – temperaturunu və quruluşunu araşdırmaq üçün rentgen oblast da daxil olmaqla müxtəlif dalğa uzunluqlarında  müşahidələrini aparırlar. Partlayışa səbəb olan nəzəriyyənin həqiqətə uyğun olub-olmadığını yoxlamaq üçün təkmilləşdirilmiş hesablama simulyasiyalarını həyata keçirilməsi nəzərdə tutulur.

Filip Vaysmen qeyd edir ki, (Dr. Philip Wiseman)  istifadəyə veriləcək Vera Rubin Rəsədxanasının yeni imkanları ilə bu tip obyektlərin daha çox kəşf olunacağını gözlənilir.  Bu fenomen nə qədər nadir olsa da, o qədər güclü enerji yayırlar ki, qalaktikaların mərkəzlərinin zamanla necə dəyişdiyini  “görmək” mümkün olur.

Qeyd edək ki, araşdırmanın nəticələri "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.