Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib May 17, 2023 | 12:05 / ASTRO SEMİNARLAR

Mayın 17-də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən rəsədxananın baş direktoru, müxbir üzv Namiq Cəlilov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra ŞAR-ın “Planetlər və kiçik səma cisimləri” şöbəsinin baş elmi işçisi, müxbir üzv Əyyub Quliyev “Ekiz kometlər məsələsinə yeni baxış” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə Meyer komet qrupunun statistik təhlili həyata keçirilmişdir. Müəyyən olunmuşdur ki, qrup əsasən komet cütlüklərindən ibarətdir. Məruzəçi bildirib ki, belə cütlükləri iki səbəblə izah etmək olar:

- Əgər fraqmentlərin fiksasiya anları bir neçə il fərqlənirsə, onda onlar nisbətən daha iri cismin bu yaxınlardakı parçalanmasından əmələ gəlmişlər;

- Əgər fərq daha böyükdürsə (məsələn 5 ildən 11 ilədək və ya daha çox), onda onlar eyni cismin Günəşə tərəf ayrı-ayrı qayıdışları hesab oluna bilər.

Alim qeyd edib ki, əgər ikinci ehtimal həqiqətə yaxındırsa, Meyer qrupunun “ana” kometinin dövretmə müddəti çox da böyük deyildir. Ola bilsin ki, o, Yupiter ailəsinə mənsub periodik kometlərdən biri olmuşdur.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Çıxışın sonunda mövzu ətrafında geniş diskussiya aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.