III Məktəblilərarası Astronomiya Olimpiadasının Respublika seçim turu keçirilib May 15, 2023 | 09:05 / MÜHÜM HADİSƏLƏR

14 may 2023-cü il tarixində Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş III Məktəblilərarası Astronomiya Olimpiadasının Respublika seçim turu keçirilib. Yarışda ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri astronomiya üzrə bilik və bacarıqlarını sınayıb. Əvvəlki illərlə müqayisədə bu il 592 nəfər şağird qeydiyyatdan keçib.

Olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.

Olimpiada Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsi tərəfindən təşkil olunub. Qaliblər medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il 10-20 avqust tarixlərində Polşada keçiriləcək XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.

Olimpiadanın seçim turunun nəticələri yaxın günlərdə olimpiada.edu.az portalında və təşkilatçıların rəsmi internet səhifələrində paylaşılacaq.

Qeyd edək ki, III Məktəblilərarası Astronomiya Olimpiadası Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.