Kosmik hava durumu və proqnozu May 08, 2023 | 12:05 / KOSMİK HAVA

Kosmik hava durumu –  Hesabat dövrü ərzində Günəş aktivliyi artmış, 2 C sinifli və 4 M sinifli alışma baş vermişdir. Maksimum sinifli alışma 3293 oblastında baş vermiş M 7.2 sinifli alışma olmuşdur. Bu alışmalar nəticəsində R1-R2 səviyyəli radiosiqnalların kəsilməsi və II-IV tip radioemissiya və 10 sm-lik radioalışmalar (radioburst) qeydə alınmışdır. Hazırda Günəşin səthində 5 ləkə qrupu və 99 ləkə var. Bəzi ləkələr mərkəzi meridiana yaxınlaşdığından kosmik havanın aktiv olacağı gözlənilir. Həmçinin 4, 5 və 7 may tarixlərində Yerə istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılması)  qeydə alınmışdır.  

Enerjisi 2 MeV-dən çox olan elektron seli həftə ərzində yüksək səviyyədə olmuşdur ( max: 8863 pfu). 10 MeV-dən çox enerji yüklü proton seli isə həftənin əvvəli fon səviyyəsində olmuş, 8 may tarixində isə 4 mayda baş vermiş CME-nin təsiri ilə yüksəlmişdir.

Hesabat dövründə Günəş küləyinin sürəti zəifləyərək, orta sürət (500 km/s) ətrafında olmuşdur. Hal-hazırda planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 19 nT,  radial istiqamətdə isə  -9 nT təşkil edir.

Hesabat dövründə mayın 4-də baş vermiş Tac Kütlə Atılmasının təsiri ilə 6 may tarixindən  geomaqnit qasırğası başlamış, G2 səviyyəsinə kimi yüksəlmişdir və hazırda da davam etməkdədir.

Kosmik hava proqnozu – Proqnoz günlərində C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3)  sinif isə 15% təşkil edir.

Ardıcıl baş vermiş Tac Kütlə Atılmaları ilə əlaqədar olaraq 2 MeV-dən çox enerjili elektron selinin, eyni zamanda enerjisi 10 MeV-dən çox olan proton selinin proqnoz dövründə yüksək səviyyələrə qalxacağı ehtimal edilir. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 15% təşkil edir.

Müsbət  qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) və 4-6 mayda baş CME-nin təsiri ilə Günəş küləyinin sürətini saxlayacağı gözlənilir.

Növbəti günlərdə qasırğanın  G3 (güclü) səviyyəsinə qədər yüksəlmək ehtimalı var. Ümumilikdə isə kosmik hava 10 may tarixinə kimi  qeyri-stabil olacaqdır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.