Kosmik hava durumu və proqnozu May 01, 2023 | 10:05 / KOSMİK HAVA

Kosmik hava durumu –  Hesabat dövrü ərzində Günəşin aktivliyi orta səviyyədə olub, 3288 oblastında M 1.8  və 3293 oblastında M 2.4 sinifli alışma qeydə alınmışdır. Hazırda Günəşin səthində  6 ləkə qrupu və 105 ləkə var.  Tac dəliyi müşahidə olunur. 29 apreldə II dərəcəli haloya malik CME (Coronal Mass Ejections - Tac Kütlə Atılması) baş vermişdir.

Enerjisi 2 MeV-dən çox olan elektron seli həftə ərzində yüksək səviyyədə olmuşdur ( max: 12967 pfu). Enerjisi  10 MeV-dən çox enerjili proton seli isə həftənin əvvəli qeyri-stabil sonra isə fon səviyyəində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 740 km/s  qeydə alınmışdır. Hal-hazırda isə bir qədər zəifləyərək 532.9 km/s təşkil edir. Planetlərarası maqnit sahəsinin qiyməti isə zəifləmişdir. Hal-hazırda Yer orbitində planetlərarası maqnit sahəsinin qiyməti  3.5 nT, radial istiqamətdə isə 1.25 nT təşkil edir.

Hesabat dövründə gözlənildiyi kimi geomaqnit sahəsi qeyri-stabil olmuş, 28-29 aprel tarixlərində aktivlik qısamüddətli də olsa, G1 səviyyəsinə kimi  yüksəlmişdir.  Hal-hazırda kosmik hava sakitdir. 

Kosmik hava proqnozu – Proqnoz günlərində (01-07 may) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3)  sinif isə 5% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyəyə qalxacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə proqnoz dövründə fon səviyyəsində olacağı ehtimal olunur.  S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 5% təşkil edir.

Günəş küləyinin sürətinin bir neçə mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə sürətini saxlayacağı, 29 apreldə baş vermiş CME-nin təsiri ilə isə yenidən artacağı gözlənilir.

21 apreldə baş vermiş CME-nin təsiri davam etdiyindən, hal-hazırda Kp indeksi 2 olsa belə,  G1 (zəif) səviyyəli qasırğa ola bilər, ardınca isə mənfi qütblü CH HSS və dünən baş vermiş CME-nin təsiri ilə qeyri-stabil kosmik hava şəraiti proqnozlaşdırılır.

Mənfi qütblü CH HSS-lərin davamlı təsiri səbəbindən geomaqnit sahəsinin aktiv olacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.