Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib Apr 27, 2023 | 10:04 / ASTRO SEMİNARLAR

Aprelin 26-da N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin elmi işçisi Aynurə Həsənova “İsti ifratnəhəng HD 208501 ulduzunun atmosferi” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə isti ifratnəhəng ulduzların tipik nümayəndəsi olan HD 208501(B8 Ib) ifratnəhəng ulduzunun 2013÷2019-cu il tarixlərində N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2-m teleskopunda alınmış spektrləri əsasında Hα, Hβ, HeI və dublet NaID xətləri profillərinin dəyişməsi və spektral parametrləri tədqiq olunmuşdur.

Aşkar olmuşdur ki, HD 208501 ifratnəhəng ulduzunun spektrində Hα, Hβ, HeI və dublet NaID xətlərinin profilləri, şüa sürətləri və ekvivalent eni bir həftə və daha kiçik zaman fasilələrində dəyişir. Həmçinin, Hα xətti profilinin kəsilməz spektr səviyyəsinə qədər zəifləməsi, tam şüalanmada və tam udulmada yaranması və yox olması kimi unikal müşahidə faktı aşkar olmuşdur.

Araşdırmalar nəticəsində tapılmışdır ki, Hα xətti profilinin udulma komponentinin şüa sürəti, Hβ və dublet NaID xəttlərinin şüa sürətlərinin qiyməti əks fazada dəyişir, HeI xəttinin şüa sürəti isə NaID, Hα, və Hβ xətlərinin şüa sürətləri ilə müəyyən zaman intervallarında sinxron və yaxud əks fazada dəyişir.

Müşahidələrdən alınmış nəticələr sübut edir ki, HD208501 ulduzunun ətrafında müəyyən bucaq altında fırlanan, qeyri-bircins sıxlığa malik diskəbənzər qaz örtüyü vardır. Ehtimal olunur ki, bu dəyişmələr ulduzun döyünməsi və ulduzla ulduzətrafı örtüyün qarşılıqlı təsiri nəticəsində baş verir.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Çıxışın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.