Kosmik hava durumu və proqnozu Apr 17, 2023 | 11:04 / KOSMİK HAVA

Kosmik hava durumu –  Hesabat dövrü ərzində 3272 oblastında  daha bir M 1.3 sinifli, 3282 oblastında M 1.5 sinifli alışma baş vermişdir. Günəşin səthində ləkələrin sayı artmışdır. Hazırda Günəşin səthində 8 ləkə qrupu var, aktiv ləkələrin sayı isə 155-dir. Aprelin 15-də Yerə istiqamətlənmiş CME-nin (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) aprelin 22-də çatacağı gözlənilir. Hal-hazırda Günəşin səthində tac dəliyi müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal, 10 MeV-dən çox enerjili proton seli isə həftə ərzində fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin sürəti 1196 km/s-yə çatmışdır. Hal-hazırda Günəş küləyi sürətinin parametrləri normaldır (347km/s), planetlərarası maqnit sahəsinin qiyməti isə bir qədər azalaraq Yer orbitində 7.24 nT, radial istiqamətdə isə 3.85 nT təşkil edir.

Geomaqnit sahə hesabat dövrü ərzində sabit olmuşdur.

Kosmik hava proqnozu – Proqnoz günlərində (17-23 aprel) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50%, X (R3)  sinif isə 10% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin normal və orta səviyyədə, enerjisi 10 MeV-dən çox olan proton selinin isə proqnoz dövründə fon səviyyəsində qalacağı ehtimal olunur.  S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 5% təşkil edir.

17-19 aprel tarixlərində Günəş küləyi sürətinin artacağı gözlənilir.

Geomaqnit sahənin qismən-aktiv olacağı proqnozlaşdırılır, geomaqnit qasırğası gözlənilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.