"Beynəlxalq Aviasiya və Kosmonavtika Günü"nə həsr olunmuş tədbir keçirilib Apr 13, 2023 | 10:04 / TƏDBİRLƏR

Aprel ayının 12-də Tusi-Bohm Planetariumda "Beynəlxalq Aviasiya və Kosmonavtika Günü"nə həsr olunmuş tədbir keçirilib.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR), Tusi-Bohm Planetarium və Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin 100-dən çox şagirdi, “Cığır” İctimai birliyindən valideyn himayəsindən məhrum olmuş uşaqlar, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri iştirak edib. 

Tədbiri Tusi-Bohm Planetarimun rəhbəri Famil Mustafa açaraq iştirakçıları salamlayıb, planetariumun yaranma tarixi və fəaliyyəti barədə geniş məlumat verib.

Sonra rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova "Kosmik eranın başlanğıcı" adlı məruzə ilə çıxış edib. Kosmik araşdırmaların, kosmosun ilkin tədqiqindən müasir dövrümüzədək keçdiyi inkişaf yolu haqqında olan çıxışda kosmonavtlar, kosmik uçuşlar və onların elmi nəticəsi haqqında danışılıb. Çıxışın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra ŞAR-ın elmi işçisi Aynur Abdulkərimova kosmik tədqiqatların əhəmiyyəti və gənclərin bu sahəyə yönəlməsinin vacibliyindən danışıb. İnteraktiv formada aparılan bu çıxış zamanı gənclərlə Astronomiya sahəsində karyera imkanları müzakirə edilib, onlara bu sahənin perspektivləri şərh olunub.

Tədbirin sonunda "Kainata doğru" adlı sənədli film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.