Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib Mart 09, 2023 | 11:03 / ASTRO SEMİNARLAR

Mart ayının 9-da N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) ilə Batabat Rəsədxanasının birgə təşkilatçılığı ilə astroseminar keçirilib. Seminarda hər iki elmi tədqiqat institutunun təcrübəli alimləri, o cümlədən gənc tədqiqatçılar iştirak edib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Batabat Rəsədxanasının “Səma cisimlərinin fotometriyası” şöbəsinin elmi işçisi Ülvü Vəliyev “Klassik T Buğa ulduzlarının protoplanet diskləri” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə statistik əhəmiyyətli sayda klassik T Buğa tipli ulduzlarının 0.36-100 mkm diapazonda spektral enerji paylanma (SEP) əyrilərinin tədqiqinin nəticələri verilib. Göstərilib ki, seçilmiş 49 ulduzdan yalnız 7-si (14%) I tip, qalanları isə II tip SEP əyrilərinə malikdir. WTTS ulduzlarından fərqli olaraq, CTTS-lərdə III tip SEP əyriləri aşkar edilməyib.  Göstərilib ki, 39 ulduzda həm də yaxın İQ oblastında (2.2 mkm) şüalanma artıqlığı müşahidə olunur. Eyni zamanda həm UB, həm də  ΔK şüalanma artıqlığı diskdən akkresiya ilə izah edilir.

İşdə program ulduzların fundamental parametrləri, o cümlədən, kütləsi və yaşı təyin edilib. Göstərilib ki, yaşı 10 milyon ilə qədər olan ulduzlarda yaşın artması ilə diskdə toz şüalanması artır.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Çıxışın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.