Kosmik hava durumu və proqnozu Fev 27, 2023 | 10:02 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövründə Günəş fəallığı bir qədər artmışdır. Son 3 sutka ərzində maksimum alışma M 6.35 olmuşdur. Günəşin səthində 6 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 120-dir. 25 CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) qeydə alınmışdır. 25 fevral saat 23:48-də baş vermiş M sinifli alışma ilə bağlı olaraq Yerə doğru yönəlmiş Tac Kütlə Atılmaları qeyd olunmuşdur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli (141 pfu), həmçinin 3229 oblastında baş vermiş M sinifli alışma səbəbilə 10 MeV-dən çox enerjili proton seli də pik səviyyədə olmuşdur (S1 səviyyəli qasırğa). Enerjisi 100 MeV-dan çox olan proton seli isə fon səviyyəsində qalmışdır. 

Hesabat dövründə Günəş küləyinin sürəti artaraq Yer orbitində 700 km/san-yə çatmışdır. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi artaraq Yer orbitində 21 nT, radial istiqamətdə isə azalaraq -18 nT olmuşdur.

Fevralın 26-sı axşamdan başlayaraq geomaqnit sahə aktivləşərək G3 səviyyəli maqnit qasırğasına qədər yüksəlmişdir. Hal-hazırda maqnit qasırğası hələ də davam etməkdədir (7Kp).

Alışmalara bağlı olaraq radiosiqnalların ötürülməsində R2 səviyyəli kəsilmə olmuşdur.

Kosmik hava proqnozu – Proqnoz günlərində (27 fevral - 1 mart) M sinif alışma ehtimalı 65%, X sinif 15% gözlənilir. Radiosiqnalların ötürülməsində 65% R1-R2 səviyyəli, 15% R3 səviyyəli kəsilmələrin olması proqnozlaşdırılır

Enerjisi 2 MeV olan pelektron selinin 27-28 fevralda Günəş küləyinin paylanması səbəbi ilə normal və həyəcanlaşmış səviyyədə, enerjisi 10 MeV-dən çox olan proton selinin 27 fevrala kimi pik səviyyədə qalacağı, 24-25 fevralda baş vermiş CME və mənfi qütblü CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə 01 martda yüksək enerjili zərrəciklər selinin yenidən aktivləşəcəyi gözlənilir (S1~60%).

24-25 fevralda baş vermiş CME və mənfi qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin təsiri ilə Günəş küləyinin sürətinin yenidən artacağı gözlənilir.

Maqnit qasırğasının 28 fevralda da G2 səviyyəsinə düşəcəyi, 01 martda isə daha sakit kosmik hava proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.