Rəsədxanada Xocalı soyqırımı ilə əlaqədar anım tədbiri keçirilib Fev 24, 2023 | 16:02 / TƏDBİRLƏR

Fevral ayının 24-də AR Elm və Təhsil Nazirliyi  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Şamaxı və Bakı bölmələrində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirə soyqırım qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək başlanılıb.

Anım tədbirini giriş sözü ilə ŞAR-ın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, 1992-ci ildə Xocalıda baş verənlərin XX əsrin sonlarında haqq mübarizəsinə qalxan xalqımıza qarşı ağlasığmaz qəddarlığı ilə seçilən və bəşər tarixində dəhşətli faciə kimi yadda qalan vəhşilik aktı olduğunu bildirib. Alim qeyd edib ki, bu tarixi cinayətin başlanğıcı 1988-ci ilin əvvəllərində ermənilərin rus imperiyasının dəstəyilə Qarabağı Ermənistana birləşdirmək cəhdinə xidmət edən tarixi planlarını həyata keçirməsilə qoyuldu. Azərbaycana qarşı təcavüzkar fəaliyyətə keçən düşmən qüvvələr 1991-ci ilin sonlarından etibarən silahlı əməliyyat hücumlarını daha da intensivləşdirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə erməni hərbi birləşmələri Xocalıda Rusiyanın 366-cı motoatıcı polkunun əsgərləri ilə birlikdə azərbaycanlılara qarşı soyqırımı törətdi.  

Xocalı soyqırımı ötən əsrin ən qanlı faciəsi kimi tarixə düşdü. O gecə uzun illərdən bəri hökm sürən mənfur erməni faşizminin əməli nəticəsi olaraq əksəriyyəti qadın, qoca və uşaqlar olmaqla 600-dən çox insan misli görünməmiş amansızlıqla qətlə yetirildi. Tarixdə müxtəlif müharibələr baş verib, lakin Xocalı faciəsi erməni separatçıları tərəfindən insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Ermənilərin Xocalıdakı caniliyini əks etdirən çoxsaylı sənədlər, tarixi faktlar göstərir ki, törədilən vəhşilik məhz soyqırımı aktıdır və beynəlxalq hüquq normalarına, insan haqlarına tamamilə ziddir. Xalqımızın mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək cəhdi kimi qiymətləndirilən bu hadisə Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Qətliamın əsl mahiyyətini açıqlamaq, siyasi-hüquqi qiymət vermək üçün məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilmişdir. 

Sonra Şamaxı Astrofizika Rəsədxanasının "Elmi əlaqələr və təşkilati məsələlər" şöbəsinin müdiri, f.r.ü.f.d. Kamal Hüseynov Xocalı faciəsi ilə bağlı çıxış edib. Kamal Hüseynov bildirib ki, ermənilərin bu düşmənçilik siyasətinin tarixi kökü də tarixi keçmişə bağlanır. Ötən əsrdə düz yetmiş il ərzində müttəfiq respublika kimi sovet ideologiyasına əsasən yaxın qonşuluq prinsipləri sərgilənsə də təəssüf ki, erməni ailələrində daim türkə qarşı kin-küdurət, düşmənçilik toxumları səpilmişdi. Xocalı faciəsi bunun bariz nümunəsidir. O dövrdə dünya jurnalistlərinin faciə ilə bağlı yazdıqları məqalələrə nəzər saldıqda, qətliamı törədən cinayətkarların xatirələrini oxuduqca görürük ki, qeyd olunanlar ötən dövrlərdə yazılan əsərlərdə şərh olunmuş erməni vəhşiliyinin ssenarisi ilə eynidir. Ermənistanın separatçı siyasəti uzun illərdir ümumilikdə türkə nifrət hisləri oyadan bədii əsərlərdə və keşişlər tərəfindən kilsələrdə geniş təbliğ olunur. Azərbaycan xalqına qarşı amansız cinayətlər törədən və onları əsərlərində erməni xalqına xidmət adı ilə fəxrlə qeyd edən Zori Balayan kimi xəstə təfəkkürlü “ziyalıların” yazılarında şərh olunan qəddarlıq, cinayətkarlıq faktları əslində vəhşiliyin təbliğindən bəhrələnən, nifrətlə bəslənən gənc erməni nəslinin yetişməsinə gətirib çıxartmışdı. Xocalı faciəsi erməni daşnakçıları tərəfindən həyata keçirilən məhz bu mənfur və öz xalqını inkişafdan saxlayan siyasətin nəticəsi idi.

Daha sonra tədbir rəsədxana əməkdaşlarının çıxışları fonunda davam edib. Çıxışlarda hazırda ölkəmizdə və onun hüdudlarından kənarda fəaliyyət göstərən müvafiq təşkilatların Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, cinayətkarların ifşa olunması istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Qeyd olunub ki, dünyanın bir çox ölkələrində Xocalı qətliamı soyqırımı kimi tanınır. Bu istiqamətdə xüsusilə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində əhəmiyyətli işlər görülür. Fondun təşkilatçılığı ilə müxtəlif ölkələrdə erməni terrorunu əks etdirən nəşrlərdən ibarət sərgilər, foto və video materialların nümayiş olunduğu silsilə tədbirlər keçirilir.

Anım tədbirindən sonra rəsədxana əməkdaşları Xocalı Soyqırımı qurbanlarına həsr olunmuş "Ana harayı" memorialını ziyarət edərək abidənin önünə gül dəstələri qoyublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.