Görkəmli astrofizik Sabir Məmmədovun 90 yaşı tamam olur Fev 24, 2023 | 09:02 / MÜHÜM HADİSƏLƏR

Tanınmış astrofizik, günəşçi alim, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Sabir Məmmədovun 90 yaşı tamam olur.

Sabir Məmmədov 25 fevral 1933-cü ildə Gürcüstan Respublikası Marneuli rayonunun Kirəc-Muğanlı kəndində anadan olmuşdur. 1951-ci ildə  orta məktəbi  bitirərək, elə həmin ildə də, Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin “Fizika” bölməsinə daxil olmuşdur. 1956-cı ildə Universiteti bitirdikdən sonra Şamaxı Astrofizika Rəsədxanasında elmi işçi olaraq əmək fəaliyyətinə başlamışdır.

S. Məmmədov 1959-cu ildə Sankt-Peterburq şəhərində Pulkovo Rəsədxanasının nəzdində aspiranturaya daxil olmuşdur. O, 1962- ci ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvu professor V.A. Kratın rəhbərliyi altında “Zəif xromosfer alışmaları” mövusunda namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 2008-ci ildə isə “Günəş atmosferində dinamik proseslər” mövzu­sun­da doktorluq dissertasiyasını müdafiə etmişdir.

Alimin elmi fəaliyyətinin əsasını Günəş atmosferində baş verən aktiv və dinamik fiziki proseslərin tədqiqi təşkil edir (Xromosfer alışmaları, spikullar, protuberanslar, tac protuberansları, Günəş tacında yayılan maqnitoakustik dalğaları).  Sabir Məmmədov Günəş müşahidəsinin yeni üsulunu vermişdir. Bu üsul “Məmmədov üsulu” adlandırılmış və Moskvada dərc edilmiş ali məktəblər üçün dərslik  “Курс астрофизики и звездной астрономии” kitabında geniş şərh edilmişdir.

Alim ilk dəfə olaraq tac protuberanslarının spektrini çəkmişdir. Spikulların günəş tacında plazmanın kondensasiyası ilə əmələ gəlməsi mexanimini irəli sürmüşdür. S.Məmmədovun indiyədək yerli və xarici jurnallarda 100-dən artıq elmi məqalələsi dərc edilmişdir.

Şamaxı Astrofizika Rəsədxanasının kollektivi olaraq, ölkəmizdə astrofizika sahəsində əvəzsiz xidmətləri olan görkəmli alimi 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və Azərbaycan astrofizika elminin tərəqqisi yolunda yeni yaradıcılıq uğurları arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.