Kosmik hava durumu və proqnozu Fev 23, 2023 | 11:02 / KOSMİK HAVA

Kosmik hava durumu Günəş fəallığı bir qədər artmışdır. Hesabat dövrü ərzində maksimum alışma M 5.09 olmuşdur. Günəşin səthində 6 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 100-dür. Son 3 sutka ərzində 34 CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) qeydə alınmışdır. Onlardan ikisi 172⁰ və 112⁰-lik çox böyük sektoru əhatə edir. Hesabata əsasən alışmaya bağlı CME baş vermiş və II tip radioemissiya müşahidə olunmuşdur. Ümumilikdə hesabat dövründə Yerə doğru yönələn Tac Kütlə Atılmaları müşahidə olunmamışdır. Günəş tacında 2 böyük tac dəliyi müşahidə olunur. 

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və həyəcanlaşmış səviyyədə olmuş, 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində qalmışdır.

Günəş küləyi parametrləri son sutka ərzində güclənmişdir. Günəş küləyinə müsbət qütblü CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) az da olsa təsiri hiss olunur. Küləyin sürəti Yer orbitində 580.8 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi Yer orbitində zəif 6.75nT, radial istiqamətdə  isə 4.13 nT olmuşdur.

Geomaqnit sahəsi aktivləşərək G1 səviyyəli maqnit qasırğası baş vermişdir. Hal-hazırda Kp indeksi 4-dən çoxdur.

M sinifli alışma səbəbilə radiosiqnalların ötürülməsində R1 səviyyəli kəsilmə olmuşdur.

Kosmik hava proqnozu  Proqnoz günlərində (23-25 fevral) M sinif alışmanın baş verməsi ehtimalı 50%, X sinif 10% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə orta və ya aşağı səviyyədə olacağı, 3229 və 3234 oblastlarında baş vermiş alışmalara görə isə enerjisi 10 MeV-dən çox olan proton selinin artacağı (S1-10%)  gözlənilir.

23-24 fevral tarixlərində Günəş küləyinin sabit qalacağı, 25 fevralda isə mənfi qütblü CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) səbəbilə Günəş küləyinin sürətinin yenidən artacağı gözlənilir.

Geomaqnit sahədə ümumən sakit şəraitin hökm sürəcəyi proqnozlaşdırılır (Kp=2, 3). G1 və daha yüksək səviyyəli geomaqnit qasırğasının yaranması gözlənilmir.

Radiosiqnalların ötürülməsində R1-R2 səviyyəli kəsilmə ehtimalı 50%, R3 səviyyəli kəsilmə ehtimalı 10% təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.