Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib Fev 22, 2023 | 15:02 / İCLASLAR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirədddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Elmi Şuranın növbəti iclası keçirilib.

Tədbiri rəsədxananın Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.

İlk olaraq iclasda rəsədxana alimlərinin qarşısında duran vəzifələr, yeni plan işlərinin mövzuları müzakirə olunub. Aidiyyatı şəxslərin çıxışları dinlənildikdən sonra ŞAR-ın 2021-2025-ci illər üçün qəbul edilmiş elmi-tədqiat mövzuları üzrə, 2023-cü ildə yerinə yetiriləcək işlər təsdiq olunub.

Sonra ŞAR-ın 2023-cü il üçün fəaliyyət planı şura üzvlərinə təqdim edilib və nəzərdə tutulan punktlarla bağlı detallar diqqətə çatdırılıb. Fəaliyyət planı ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrin yekununda ŞAR-ın 2023-cü il üçün fəaliyyət planı yekdilliklə qəbul edilib.

İclasın gündəliyinə uyğun olaraq daha sonra ŞAR-ın xarici elmi ezamiyyətdən qayıdan əməkdaşlarının hesabat çıxışları dinlənilib. Çıxışlarda Rəsədxananın “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin elmi işçisi Zümrüd Vidadi və “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin elmi işçisi Şəbnəm Ağayeva GRANDMA (Global Rapid Advanced Network Devoted to the Multi-messenger Addicts) Beynəlxalq layihəsi çərçivəsində Fransanın Paris şəhərində tədqiqat məktəbində və Nitsa şəhərində yerləşən Cote d'Azur Rəsədxanasındakı elmi ezamiyyətləri dövründə olan fəaliyyətləri haqqında danışıblar. Hesabat dinlənildikdən sonra çıxışçılar tərəfindən şura üzvlərinin sualları cavablandırılıb və yekunda hesabat qəbul olunub.

Elmi Şura yığıncağının sonunda ŞAR kollektivi adından rəsədxananın “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Sabir Məmmədova 90 illik yubileyi münasibətilə təbrik plaketi verilib. Alimə astrofizika elminə verdiyi töhfələrə görə təşəkkür edilib və elmi fəaliyyətində uğurlar arzu edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.