Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib Fev 21, 2023 | 15:02 / ASTRO SEMİNARLAR

21 fevral 2023-cü il tarixində N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib. Seminar hibrid formada təşkil edilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov “Sürəti səs sürətindən böyük olan anizotrop kosmik plazma axınlarında irimiqyaslı burulğanların yaranması mexanizmi haqqında” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə, maqnit sahəsinin istiqamətinə nəzərən anizotrop xassəli plazma axınında istilik selini də nəzərə almaqla Kelvin-Helmholtz (KH) tipli plazma dayanıqsızlığı modelləşdirilməsi göstərilib. Məruzəçi bildirib ki, burada M > 1 (Max ədədi) halında axın sürətinin qradienti ilə bağlı olan KH dayanıqsızlığının digər klassik plazma dayanıqsızlıqlarına (firehose və mirror) təsiri öyrənilib. O qeyd edib ki, alınan yeni nəticələrin Günəş və ulduz küləyi, astrofiziki və geofiziki şəraitlərdə plazma şırnaqları və jetləri kimi çox geniş tətbiq sahələri vardır. 

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.