Kosmik hava durumu və proqnozu Fev 20, 2023 | 10:02 / KOSMİK HAVA

Kosmik hava durumu Son 24 saat ərzində Günəş fəallığı zəif olmuşdur. Hesabat dövründə maksimum fəallıq 19 fevral saat 12:17-də 3226 oblastında baş vermiş C 6.8 sinifli alışma olmuşdur. Günəşin səthində 7 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı isə 112-dir. Alışmalara bağlı olan CME-lər (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeyd olunsa da, Yerə doğru yönəlməsi gözlənilmir. Hal-hazırda Günəşin səthində tac dəlikləri müşahidə olunur.

Enerjisi 2 MeV-dən yuxarı olan elektronların seli normal və aşağı səviyyədə olmuşdur, enerjisi 10 MeV-dən yuxarı olan protonların axını isə fon səviyyəsində qalmışdır. 

Günəş küləyinin sürəti bir qədər artaraq Yerin orbitində 407.2 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi Yer orbitində zəif 5.33nT, radial istiqamətdə isə -1.2 nT olmuşdur. 

Geomaqnit sahəsinin maksimum fəallığı 18 fevralda 5Kp-ə kimi artaraq G1 səviyyəli qasırğa qeydə alınmışdır.  Hal-hazırda isə Geomaqnit sahə sakitdir (1Kp). 

Kosmik hava proqnozu  ─  Proqnoz dövründə (20-22 fevral) kosmik havanın aktivləşəcəyi gözlənilir. M sinif alışmanın baş verməsi ehtimalı 50%, X sinif isə 15% təşkil edir. 

2 MeV-dən çox enerjili elektron selinin normal və aşağı səviyyədə olacağı, enerjisi 10 MeV-dən yuxarı olan proton selinin isə 3229 oblastındakı aktivliklə bağlı olaraq artaraq S1 (15%) səviyyəsinə qalxacağı proqnozlaşdırılır.

Geomaqnit sahəsinin fəallığı fevralın 17-də Günəşi tərk etmiş CME səbəbilə 20 fevralda Geomaqnit sahəsində G1-G2 səviyyəli qasırğa gözlənilir. 21 fevralda bir qədər sakitləşmiş Geomaqnit sahəsinin 22 fevralda müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə yenidən aktivləşəcəyi gözlənilir.

Radiosiqnaların ötürülməsində də  R1-R2 səviyyəli kəsilmə olması ehtimalı 50%, R3 səviyyəli kəsilmə olması ehtimalı isə 15% təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.