Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı beynəlxalq konfransda iştirak edib Yan 26, 2023 | 17:01 / KONFRANSLAR

25-26 yanvar 2023-cü il tarixində Damghan Universitetinin təşkilatçılığı ilə "Holoqrafiya və onun tətbiqləri" mövzusunda 2-ci Beynəlxalq Konfrans keçirilib. Elmi Konfrans əyani və "Adobe Connection" proqramı üzərindən olmaqla, hibrid formada təşkil olunub.

Amerika Birləşmiş Ştatları, Çin, Yaponiya, Kanada, Azərbaycan, Birləşmiş Krallıq, Yunanınstan, Koreya, İsveçrə və Rusiyadan olan məhşur nəzəriyyəçi alimlərin qoşulduğu beynəlxalq konfransda AR Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) kiçik elmi işçisi Şahnaz Tağıyeva da iştirak edib.

Şahnaz Tağıyeva konfransın ikinci günündə "AdS/KXD-nin sərt divar modelində  N + γ* → R (1710) keçidinin form faktorlarının təyini" mövzusunda məruzə ilə çıxış edib.

Konfransa təqdim olunan işdə AdS/KXD-nin sərt divar modelində Roper nuklon-nuklon keçidinin elektromaqnit form faktorları təyin edilmişdir. Spinor sahə və vektor sahəsi üçün profil funksiyaları təyin edilmişdir. N + γ* → R (1710) keçidi üçün Dirak və Pauli form faktorların və spiral amplitudların keçid impulsunun kvadratından asılılıq qrafikləri qurulmuşdur. Alınmış nəticələr CLAS və MAİD eksperimental nəticələrlə və qeyri-relyativistik kvark modeli ilə müqayisə edilmişdir. Məruzəçi qeyd edib ki, tədqiqatların nəticəsinə əsasən, digər modellərdə olduğu kimi, AdS/KSN uyğunluğuna əsaslanan AdS/KXD-nin sərt divar modelində də göstərilmişdir ki, nuklon nöqtəvi zərrəcik deyil, müəyyən daxili struktura malikdir.

Məruzənin yekununda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.