Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib Yan 26, 2023 | 12:01 / ASTRO SEMİNARLAR

Yanvar ayının 26-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar və ulduz əmələgəlmə prosesləri” şöbəsinin elmi işçisi Səbahəddin Alışov  UAGS+Andor sistemində müşahidə prosesinin aparılması” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda zəif səma cisimlərinin spektral müşahidəsinin aparılması üçün teleskopun Kasseqren fokusunda quraşdırılmış  UAGS + obyektiv Canon EF (f=200 mm, f/2) + işıqqəbuledici Andor (ikonL-936-BEX2-DD 2048x2048, px=13,5 mkm) spektroqrafı haqqında ümumi məlumat verib. UAGS+Andor sistemində müşahidəyə hazırlıq, obyektlərin xəritələrinin hazırlanması və standart ulduzların seçilmə qaydası haqqında nəzəri məlumatlarla yanaşı, bütün bu proseslərin gedişatı adıçəkilən sistemin proqram təminatı üzərindən əyani olaraq da seminar iştrakçılarına göstərilib. 

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışın yekununda mövzu ətrafında diskusiya aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.