Rəsədxanada 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib Yan 19, 2023 | 15:01 / TƏDBİRLƏR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 20 yanvar faciəsinin 33-cü il dönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə rəsədxana rəhbərliyi, şöbə müdirləri və elmi işçilər iştirak edib.

İlk öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra isə faciənin canlı şahidi olmuş ŞAR əməkdaşlarının çıxışları dinlənilib.

Tədbiri giriş sözü ilə rəsədxananın baş direktoru, müxbir üzv Namiq Cəlilov açıb. O, bildirib ki, şanlı tariximizin qanla yazılmış səhifələrindən biri olan 20 yanvar faciəsi xalqımızın 70 illik əsarətdən sonra milli oyanışında epoxal xarakter daşıyır. Belə ki, 11-ci qızıl ordunun dinc əhalini qızıl qana boyamasına rəğmən xalqımızın mübarizə əzmini və iradəsini sarsıtmaq mümkün olmadı və azadlıq eşqi imperializmə qalib gələrək yenidən müstəqillik əldə olundu.

Sonra ŞAR-ın icraçı direktoru professor Nəriman İsmayılov Sovet ordusunun Bakıda və bir sıra bölgələrimizdə törətdiyi vəhşiliklərdən danışıb. Onların qadın, uşaq, qoca demədən hər kəsi amansızlıqla qətlə yetirdiyini, hətta yaralılara köməyə gələn təcili tibbi yardım avtomobillərini atəşə tutduqlarını bildirib. Alim qeyd edib ki, bu qanlı hadisələrdə 146 nəfər həyatını itirmiş, 744 yaralanmış, 841 nəfər qanunsuz həbs edilmiş, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilmişdir.

Daha sonra ŞAR-ın “Elmi əlaqələr və təşkilati məsələlər” şöbəsinin müdiri f.r.ü.f.d. Kamal Hüseynov 20 yanvar hadisələri ilə bağlı öz xatirələrini bölüşüb. O qeyd edib ki, baş verənlərə etirazını bildirmək üçün hadisədən bir gün sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təqsikarları ifşa edib: “...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm...Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”.

Tədbirdə AMEA-nın müxbir üzvü Əyyub Quliyev, elmi işçi Arif Qənbərov çıxış edərək 20 yanvarla bağlı xatirələrini bölüşüblər.

Anım tədbirindən sonra rəsədxana əməkdaşları şəhidlər xiyabanını ziyarət edərək faciə qurbanlarının məzarları önünə gül dəstələri qoyublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.