Rəsədxana əməkdaşı beynəlxalq forumda iştirak edib Dek 22, 2022 | 12:12 / MÜHÜM HADİSƏLƏR

18-21 dekabr tarixlərində Rusiyanın Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin Gənc Tədqiqatçılarının forumu keçirilib. Müxtəlif ölkələrdən çoxsaylı gənc tədqiqatçıların qatıldığı bu forumda Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından (ŞAR)Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin kiçik elmi işçisi, ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının məsul katibi Rəhimli Samirə Rasim qızı iştirak edib. Samirə Rəhimli forumda “NGC 3516 Seyfert qalaktikasının 2017-2021-ci illər ərzindəki fotometrik müşahidəsi” adlı məruzə ilə çıxış edib.

Məruzəçi NGC 3516 Seyfert qalaktikasının parlaqlığının dəyişməsinin təyini məqsədilə 2017-2021-ci illərdə həyata keçirilən fotometrik nəticələrə əsasən aparılan tədqiqat işini təqdim edib. S.Rəhimli qeyd edib ki, müşahidələr AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Zeiss 600 teleskopunda aparılmışdır. Müşahidələrdə BVRcİc süzgəclərindən istifadə olunmuş, alınan materiallar MAXİM DL 4 və MAXİM DL5 proqram paketlərinin köməyilə işlənmişdir.

Aparılan müşahidələrin nəticələri 2017-2021-ci illərdə həyata keçirilən spektral müşahidələrlə üst-üstə düşmüşdür. O cümlədən, fotometrik müşahidələrin nəticəsinə əsasən göstərilmişdir ki, NGC 3516 qalaktikasında 2017-2021 müşahidə periodunda aktiv fiziki proseslər baş verir. Parlaqlıq dəyişkənliyi qalaktikanın nüvəsinə yığılma sürətinin dəyişkənliyi ilə izah edilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.