Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib Dek 22, 2022 | 11:12 / ASTRO SEMİNARLAR

Dekabrın 22-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin elmi işçisi Aynurə Həsənova “HD 190603 (B1.5la) İfratnəhəng ulduzu atmosferində qeyri-stasionar proseslər” mövzusunda məruzə ilə çıxış edib.

Tədqim olunan işdə HD190603 ifratnəhəng ulduzunun 2010-2021-ci il tarixlərində N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2-m teleskopunda alınmış spektrlər əsasında Hα və Hβ xətlərinin profillərinin dəyişməsi və spektral parametrləri tədqiq olunmuşdur. Müəyyən edilmişdir ki, HD190603 ifratnəhəng ulduzunun spektrində Hα və Hβ xətlərinin profillərinin forması, şüa sürəti və ekvivalent eni zamandan asılı olaraq dəyişir. Hα xətti profili udulma və şüalanma komponentlərindən ibarətdir. Şüalanma komponenti zamandan asılı olaraq bir, iki və ya üç komponentdən ibarətdir. Aşkar olmuşdur ki, Hα və Hβ xətlərinin udulma və şüalanma komponentlərinin şüa sürəti və ekvivalent eni zamana görə təxminən 100-120 günlük periodla dəyişir.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Çıxışın yekununda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.