Rəsədxanada elmlər doktoru üzrə dissertasiya müdafiəsi keçirilib Dek 12, 2022 | 10:12 / İCLASLAR

09 dekabr 2022-ci il tarixində AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) nəzdində fəaliyyət göstərən BED 3.05 birdəfəlik Dissertasiya Şurasının iclası keçirilib.

İclasda dünya şöhrətli xarici və yerli astrofiziklərdən təşkil olunmuş Dissertasiya Şurası üzvləri ilə yanaşı, tanınmış opponentlər, o cümlədən müşahidəçi qismində ixtisasçı mütəxəssislər də iştirak edib.

Şamaxı Astrofizika Rəsədxanasının Baş direktoru, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun sədrliyi ilə keçirilən iclasda Şamaxı Astrofizika Rəsədxanasının “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rüstəmov Canməmməd Nizam oğlunun 2108.01 - “Astrofizika və ulduz astronomiyası” ixtisası üzrə astronomiya elm sahəsində elmlər doktoru dərəcəsi almaq üçün təqdim etdiyi “Təkamülün müxtəlif mərhələlərində olan massiv sıx qoşa sistemlərin spektral və fotometrik xüsusiyyətləri” mövzusunda dissertasiya işinin müdafiəsi olub.

İddiaçının çıxışı Dissertasiya Şurasının üzvləri tərəfindən maraqla qarşılanıb. Alimlərin mövzu ilə bağlı sualları iddiaçı tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Təqdim olunan iş Dissertasiya Şurası üzvləri tərəfindən yüksək qiymətləndirilib və iclasın sonunda gizli elektron səsvermə yolu ilə iddia edilən elmi dərəcənin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması yekdilliklə qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.