Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib Dek 02, 2022 | 09:12 / ASTRO SEMİNARLAR

01 dekabr 2022-ci ildə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar  və  ulduzəmələgəlmə prosesləri” şöbəsinin kiçik elmi işçisi Zümrüd Binnətova “I tip NGC 7469 Seyfert qalaktikasının BVRcİc filtrlərində tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda I tip NGC 7469 Seyfert qalaktikasının parlaqlığının dəyişməsinin təyini məqsədilə 2016-2019-cu illərdə həyata keçirilən fotometrik nəticələrə əsasən aparılan tədqiqat işini təqdim edib. O qeyd edib ki, müşahidələr AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Zeiss 600 teleskopunda aparılmışdır. Müşahidə zamanı BVRcİc süzgəclərindən istifadə olunmuş, alınan material MAXİM DL 4 və MAXİM DL5 proqram paketlərinin köməyilə işlənmişdir.

Tədqiqatların nəticələrinə görə parlaqlığın dəyişməsinin amplitudu bütün müşahidə dövrü ərzində ВVRcİc süzgəclərində təxminən aşağıdakı tərtibdə olmuşdur: 0m.359±0m.005, 0m.217±0m.003, 0m.113±0m.004 və 0m.176±0m.003.

Dəyişmənin amplitudu B süzgəcindən İc süzgəcinə doğru kiçilir və dəyişmənin xarakteri xaotik xarakter daşıyır.

Müşahidə dövründə NGC 7469 qalaktikasında 3 alışma aşkar olunmuşdur. Bu zaman qalaktikanın parlaqlığının həm artması, həm də azalması müşahidə olunmuşdur.

I tip Seyfert qalaktikası NGC 7469-un özünü belə fəal aparmasının əsas səbəbi qalaktikanın nüvəsinin yaxın ətrafında intensiv ulduzəmələgəlmə prosesinin getməsi və onun yaxınlığında yerləşən İC 5283 qalaktikası ilə qarşılıqlı təsirdə olması ola bilər.

Məruzənin yekununda mövzu ətrafında diskussiya aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.