2023-cü ilin Günəş və Ay tutulmaları Noy 30, 2022 | 12:11 / ASTRO TƏQVİMLƏR

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2023-cü ilin tutulma hadisələrinin vaxtını təqdim edir:

2023-cü ildə iki Günəş, iki Ay tutulması olmaqla ümumilikdə dörd tutulma hadisəsi baş verəcək.

İlin ilk Günəş tutulması 20 aprel tarixində baş verəcək. Bu tutulma hibrid Günəş tutulmasıdır. Hibrid Günəş tutulması mərkəzi tutulma trayektoriyası boyunca müşahidəçinin mövqeyindən asılı olaraq halqavari və ya tam Günəş tutulmasının müşahidə olunmasıdır. Tutulma hadisəsi saat 05:34-də başlayacaq, saat 10:59-da isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:16-da olacaq. Tutulma hadisəsi 5 saat 25 dəqiqə davam edəcək.

Hibrid Günəş tutulması Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı, Antarktidada müşahidə olunacaq. Azərbaycan ərazisində müşahidə olunmayacaq.

İkinci Günəş tutulması isə 14 oktyabrda baş verəcək. Bu tutulma həlqəvari Günəş tutulmasıdır. Tutulma hadisəsi saat 19:03-də başlayacaq və saat 00:55-də sona çatacaq. Tutulmanın maksimumu 21:59-da olacaq. Tutulma hadisəsi 5 saat 52 dəqiqə davam edəcək. Bu təbiət hadisəsi Şimali və Cənubi Amerika, Qərbi Afrika, Sakit okean, Atlantik okean və Arktikada müşahidə olunacaq. Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq.

Növbəti təqvim ilinin ilk Ay tutulması may ayının 5-də baş verəcək. Bu tutulma hadisəsi yarımkölgəli Ay tutulması olacaq. Tutulma saat 19:14-də başlayacaq, saat 23:31-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 21:24-də qeydə alınacaq.

Bu tutulması hadisəsini Cənub Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktida görmək mümkün olacaq. Tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda saat 19:38-dən etibarən müşahidə olunacaq.

İkinci Ay tutulması 2023-cü ilin 28 oktyabrında baş verəcək. Bu tutulma qismən Ay tutulması olacaq. Tutulma saat 22:01-də başlayacaq, saat 02:26-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 00:15-da qeydə alınacaq.

İlin son tutulma hadisəsini Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik okeanı, Hind okeanı, Arktika və Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulma hadisəsi Azərbaycan ərazisində də müşahidə olunacaq.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.